Accessibility links

Rusiya vətəndaşları 2022-ci ildə qonşu ölkələrə rekord məbləğdə pul köçürüblər


Arxiv fotosu - İnsanlar Gürcüstan və Rusiya arasında Verxni Lars sərhəd-keçid məntəqəsinə doğru piyada gedirlər, 28 sentyabr, 2022.
Arxiv fotosu - İnsanlar Gürcüstan və Rusiya arasında Verxni Lars sərhəd-keçid məntəqəsinə doğru piyada gedirlər, 28 sentyabr, 2022.

2022-ci ildə Ukraynada müharibə fonunda Rusiyadan Qafqaz və Mərkəzi Asiyaya pul köçürmələri artıb.

2022-ci ildə Rusiyadan qonşu ölkələrə rekord həcmdə pul köçürmələri göndərilib. Bu barədə Rusiyanın RBK agentliyi məlumat verib. Media agentliyi Qazaxıstan, Gürcüstan, Özbəkistan, Ermənistan və Qırğızıstana köçürmələrin statistikasını öyrənib.

Statiskaya əsasən, ruslar Qazaxıstana 775 milyon dollardan çox pul göndəriblər. Bu, 2014-cü ildən bəri rekord göstəricidir. Bu dövrdən başlayaraq Qazaxıstan Milli Bankının statistikası mövcuddur. Bu göstərici 2021-ci ildə respublikaya göndərilən pul köçürmələrinin həcmindən təxminən 7 dəfə çoxdur.

Rusiya vətəndaşları Gürcüstana 2 milyard dollar göndəriblər ki, bu da 2012-ci ildən bəri rekord göstəricidir. Keçən il Rusiyadan Gürcüstana 411 milyon dollar göndərilib.

Özbəkistana pul köçürmələrinin həcmi 14,5 milyard dollar təşkil edib. Bu rəqəm ötən illə müqayisədə iki dəfə yarımdan çoxdur.

Ermənistan və Qırğızıstan 2022-ci il üçün statistikanı hələ açıqlamayılar. Məlumdur ki, noyabrda Ermənistana köçürmələrin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə artaraq 3 milyard dolları ötüb.

Rusiya vətəndaşları tərəfindən Qırğızıstana 2005-ci ildən bəri rekord həcmdə - iki milyard yarım dollardan çox pul göndərilib. Bu rəqəm keçən illə müqayisədə 6 faiz çoxdur.

Rusiyadan pul köçürmələrinin artmasınının əsas səbəblərindən biri Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması və bundan sonra səfərbərliyin elan edilməsi fonunda rusların başqa ölkələrə köçməsi ilə bağlıdır. Moskvanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq, Qərb ölkələrinin Rusiyaya qarşı maliyyə və ticarət sanksiyaları tətbiq etməsi bir çox vətəndaşın işləməsi və maliyyə əməliyyatları aparmasını çətinləşdirdi.

Rusiya vətəndaşları kütləvi şəkildə Qafqazda Gürcüstan və Ermənistana, eləcə də Mərkəzi Asiyaya köçərək, orada bank hesablarına və Qərb texnologiyalarına çıxış əldə edə biliblər.

Prezident Putinin sentyabrda Ukraynada müharibədə döyüşmək üçün 300 minə qədər insanın səfərbər ediləcəyini elan etməsindən sonra yüz minlərlə daha çox rusiyalı bu ölkələrə qaçıb.

Rusiya vətəndaşları ilk növbədə Rusiya ilə viza tətbiq edilməyən ölkələrə üz tutublar. RBK Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistana səfərlərin sayının beş ildə rekord həddə çatdığı haqda məlumat verib.

Rusiyadan 2022-ci ildə pul köçürmələrinin artmasına miqrantlar da töhfə vermiş ola bilər. Mərkəzi Asiya və Qafqazdan olan milyonlarla miqrant Rusiyada işləyir və mütəmadi olaraq öz vətənlərinə pul göndərirlər.

Rusiyanın Ukraynaya müdaxiləsi və bunun ardınca Qərbin iqtisadi sanksiyaları iqtisadi tənəzzülə səbəb olub. Bunun nəticəsində bir çox miqrant işini itirib və evlərinə qayıtmaq məcburiyyəti qarşısında qalıb.

Rusiya iqtisadiyyatının müharibənin ağırlığı altında ardıcıl olaraq ikinci il kiçilməsi 2023-cü ildə daha çox miqrantın işini itirə bilməsi ilə nəticələnə bilər.

XS
SM
MD
LG