Accessibility links

Təbriz məhkəməsi universitet rektorunun tələbələrə qarşı şikayətini təmin etməyib


Təbriz məhkəməsi Təbriz Tibb Universiteti rektorunun universitetin dörd tələbəsi və məzununa qarşı şikayətini təmin etməyib.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, rektor universitetin hazırkı və keçmiş tələbələrini “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq”da suçlayaraq məhkəməyə vermişdi.

İran tələbələr birliyi şuralarının Telegram kanalının surətini yayımladığı məhkəmə sənədinə istinadən, Vədud Novruzi, Mirmehdi Musəviyan, Məhəmməd Əmin Sultanzadə və Məhəmməd Cabbari Məlhəmliyə sözügedən ittihamla əlaqədar dəlil və sübut çatışmazlığından bəraət qazandırılıb.

Tələbə təşkilatı universitet rektorunun tələbələrə qarşı şikayətinin “görünməmiş” bir hal olduğunu qeyd edib.

İranda tələbələr və digər vətəndaşların hökümət əleyhinə etirazlarla əlaqədar məhkəmələri adətən təhlükəsizlik və polis orqanlarının şikayəti əsasında təşkil olunur.

Keçən ilin sentyabr ayında İranda ümummilli etirazların başlaması ilə birlikdə Təbriz Tibb Universiteti etiraz aksiyalarının təşkil olunduğu ilk universitetlərdən biri olub.

XS
SM
MD
LG