Accessibility links

Pentaqon ABŞ-ın qərbində Çinə məxsus olduğu güman edilən casus hava şarı aşkar edib


Rəsmi Pekin cümə günü bildirib ki, ABŞ-ın Çinə məxsus casus hava şarının Birləşmiş Ştatların üzərindən keçməsi ilə bağlı yaydığı məlumatı yoxlamağa çalışır.

Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning cümə günü deyib ki, "Yoxlama aparılır. Faktlar aydın olana qədər sakit olmağa çağırırıq".

O həmçinin əlavə edib ki, "Çin məsuliyyətli ölkədir və həmişə beynəlxalq hüquqa ciddi əməl edir. Bizim heç bir suveren ölkənin ərazisini və ya hava məkanını pozmaq niyyətimiz yoxdur".

Fevralın 2-də ABŞ rəsmiləri bildiriblər ki, bir neçə gündür ki, ölkə üzərində Çinə məxsus casusluq etməkdə şübhəli bilinən hava şarı uçub.

Pentaqonun nümayəndəsi, Briqada generalı Patrik Rayder bildirib ki, hava şarı "kommersiya hava xətlərindən xeyli yüksəkdə uçub və yerdəki insanlar üçün hərbi və ya fiziki təhlükə yaratmayıb".

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) şarı izləyir, lakin rəsmilər onun hazırda harada olduğu barədə məlumat vermir.

NORAD açıqlamasında şarı "yaxından izləməyə və monitorqini aparmağa" davam etdiyini bildirib.

Şarın aşkarlanması ABŞ dövlət katibi Antoni Blinkenin Çinə çoxdan planlaşdırılan səfərindən bir neçə gün əvvəl baş verib. Hazırkı hadisənin onun səyahət planlarına necə təsir edəcəyi, hələ ki, aydın deyil.

Digər tərəfdən Mao cümə günü Blinkenin səfəri ilə bağlı heç bir məlumatının olmadığını deyib.

Hava şarı çərşənbə günü qitələrarası ballistik raketlərin yerləşdiyi və idarə edildiyi, ABŞ Hərbi Hava Qüvvələrinin üç bazasından birinin yerləşdiyi Montana ştatının şimal-qərbində müşahidə edilib.

Hadisə ilə əlaqədar olaraq ABŞ şarı izləmək üçün döyüş təyyarələrini səfərbər edib.

Hərbi rəsmilər şarın vurulduğu təqdirdə yerdəki mülki obyektlər və şəxslərə ziyan vuracağı səbəbindən ona atəş açmamağı tövsiyə edib.

Pentaqon rəsmilərinin bildirdiyinə görə, casus şarı Çindən Alyaskanın Aleut adaları və Kanadanın şimal-qərbi vasitəsilə ABŞ-a girib.

Kanada cümə axşamı bildirib ki, yüksək hündürlükdə uçan müşahidə şarını izləmək üçün ABŞ-la birgə işləyir və "potensial ikinci insidenti" izləyir.

Kanadanın Müdafiə Departamenti verdiyi açıqlamada, "Kanadalılar təhlükəsizdir və Kanada potensial ikinci insidentin monitorinqi də daxil olmaqla, hava məkanının təhlükəsizliyini təmin etmək üçün addımlar atır" deyə bildirib.

Montana üzərindəki şar ABŞ-da aşkar edilən Çinə məxsus ilk casus şarı deyil. Lakin bir ordu rəsmisi bildirib ki, bu, əvvəlkindən daha uzun müddət havada qalır.

ABŞ rəsmiləri nəhəng, pilotsuz kəşfiyyat şarının hər hansı məlumatı toplamasının qarşısını alacaq tədbirlər həyata keçirdiyini bildirsə də, bu addımların nədən ibarət olduğunu deməyib.

XS
SM
MD
LG