Accessibility links

İran etirazlar zamanı “on minlərlə” insanın saxlanıldığını etiraf edir


İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda çıxış edir, 26 noyabr 2022.
İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda çıxış edir, 26 noyabr 2022.

İranın dövlət mediasında fevralın 5-də xəbər verildiyi kimi, İranın ali dini lideri Ayətullah Əli Xameneyi ölkə boyu hökumət əleyhinə keçirilən son etirazlarda təhlükəsizliklə bağlı ittihamlarla həbs olunan bir çoxları da daxil olmaqla, “on minlərlə” məhbusun əfv edilməsi və ya həbs cəzalarının azaldılması barədə göstəriş verib. Bununla İran hökuməti ilk dəfə olaraq repressiyaların miqyasını etiraf etmiş olur.

“Xarici qurumlara casusluqda, xarici agentlərlə birbaşa əlaqədə olmaqda, qəsdən adam öldürmək və yaralamak, dövlət əmlakına ziyan vurulması və yandırılmasında ittiham olunmayan və ya işində şəxsi iddiaçısı olmayan məhbuslar əfv olunacaqlar” - deyə, dövlət mediasının məlumatında bildirilir.

Bununla belə, rəsmilər hələ də etiraz nümayişləri zamanı neçə nəfərin saxlanıldığı barədə məlumat açıqlamayıblar.

Ayətullah Əli Xamneyinin əfv fərmanı 1979-cu il İslam İnqilabının ildönümü ərəfəsində ali dini liderin illik əfvinin bir hissəsi olaraq verilir. Fərmanla bağlı yayılan xəbərlərdə İranda bütün dövlət məsələlərində son söz sahibi olan Xamneyinin qərarının səbəbləri ilə bağlı heç bir izahat verilməyib. Lakin iqtisadi və digər məsələlərlə bağlı illərdir davam edən etirazlardan sonra həbsxanalar və təcridxanaların dolu olduğu deyilir.

İran hökuməti həmçinin əfv olunan və ya daha qısa müddətə məhkum olunanların heç birinin adını açıqlamayıb. İran rəsmiləri hələ də davam edən etirazların xaricdəki qüvvələrin dəstəklədiyi iğtişaşlar kimi xarakterizə edirlər. Dövlət televiziyasında əxlaq polisi tərəfindən saxlanılan iranlı kürd əsilli Məhsa Əmininin sentyabr ayında ölümünə görə daxili qəzəblə əlaqədar keçirilən nümayişlər “xaricdən dəstəklənən iğtişaş” adlandırılır.

İranda hökumət əleyhinə etirazlar sentyabr ayında əxlaq polisi tərəfindən saxlanılan qadının ölümündən sonra başlayıb. 22 yaşlı Məhsa Əmini İranda qadınlar üçün tətbiq edilən hicab “qaydalarını” pozduğu ilə həbs edilmişdi. Ölkə boyu iranlıların bütün təbəqələrinin qatıldığı etiraz nümayişləri 1979-cu ildən bəri İslam Respublikası qarşısında ən ciddi sınaqlardan biri hesab edilir.

İnsan haqları qruplarının məlumatına görə, kütləvi aksiyalar zamanı 70-i azyaşlı olmaqla 500-dən çox nümayişçi öldürülüb, 20 minə yaxın insan isə nəzarət altına alınıb. Həbs edilən dörd nəfərin asılaraq edam edilməsindən sonra ölkə daxilində etirazların tədricən səngiməyə başladığı müşahidə edilir.

Beynəlxalq Amnistiya Təşkilatı İran rəsmilərini ölkəni “sarsıdan etirazlarda iştirak edənləri qorxutmaq məqsədilə hazırlanmış saxta məhkəmələr keçirdiyinə” görə tənqid edib.

Bütün bunlar beynəlxalq səhnədə İranla nüvə sazişinin uğursuzluğu və BMT-nin nüvə məsələləri üzrə nümayəndəsinin bildirdiyinə görə, Tehranın potensial olaraq “bir neçə” atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malik olması ilə bağlı açıqlamalar verməsi fonunda baş verir var. Eyni zamanda, İran və İsrail arasında Tehranın keçən həftə İsfahanda hərbi obyektə pilotsuz təyyarə hücumunda da İsraili günahlandırması ilə gərginliklər yüksək həddə çatıb.

XS
SM
MD
LG