Accessibility links

AXCP fəalı həbsinə etiraz olaraq aclıq edir


Elnur Həsənov
Elnur Həsənov

Yanvarın 31-də həbs olunmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov həbsinə etiraz olaraq aclıq aksiyası keçirir.

Vəkil Fəxrəddin Mehdiyev fevralın 6-da Daxili İşlər Nazirliyinin İnzibati Qaydada Həbs Olununlanların Saxlanma Məntəqəsində Elnur Həsənovla görüşündən sonra Amerikanın Səsinə deyib ki, Həsənov yanvarın 31-dən fevralın 2-ə qədər quru aclıq edib.

“Elnur mənə dedi ki, bu səbəbdən təzyiq göstərilib, onun ağzını məcburi açıb suyun qəbbuluna məcbur ediblər. Hazırda Elnur Həsənov su içsə də qida qəbul etmir", vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, Həsənov həbsini qanunsuz hesab edir: “Elnurun səhhətində ağırlaşma olsa da, aclığı sonadək davam etdirəcəyini dedi".

Mehdiyev Elnur Həsənova yaxınları ilə telefon əlaqəsi saxlamağa imkan verilmədiyini bildirib: "O həbs ediləndən indiyədək ailəsi ilə telefon əlaqəsi saxlaya bilməyib".

Vəkil məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini deyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Yanvarın 31-də AXCP fəalı Elnur Həsənov Yasamal Rayon Məhkəməsi tərəfindən xuliqanlıq və polisə tabe olmamaq (İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri) ittihamı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib ki, Həsəno “Azərişıq” enerji şirkətinin ofisində saxlanılıb və oradan məhkəməyə aparılıb.

“Həsənov yanvarın 26-da 85 yaşlı nənəsinin evində işığın kəsilməsi səbəbindən “Azərişığ”ın Sabunçu rayon idarəsinə gedib. Həsənov etiraz edib ki, cüzi borca görə yaşlı qadının işığı kəsilib. Eyni zamanda o, hakimiyyətin siyasətini tənqid edib. Ona vəd ediblər ki, nənəsinin evində elektrik enerjisi bərpa ediləcək, amma bunu etməyiblər. Yanvarın 31-də Həsənov “Azərişıq”ın baş ofisinə gedib və orada mülki geyimli iki şəxs tərəfindən saxlanılıb. Görünür, Həsənov sosial şəbəkələrdə hakimiyyətin ünvanına kəskin tənqidi status yazdıqdan sonra onu izləməyə başlayıblar”, Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib.

XS
SM
MD
LG