Accessibility links

Britaniya: Rusiya hərbi müdaxilənin ilk həftəsindən bəri ən yüksək itkiyə məruz qalıb


Ukraynanın Svyatohirsk şəhərində fərdi evin həyətində dağılmış Rusiya tankı, 12 fevral 2023.
Ukraynanın Svyatohirsk şəhərində fərdi evin həyətində dağılmış Rusiya tankı, 12 fevral 2023.

Britaniyanın Müdafiə Nazirliyi son iki həftə ərzində Rusiyanın belə görünür, bir il əvvəl Ukraynaya qarşı başladığı təcavüzün ilk həftəsindən bəri ən çox itkilər verdiyini bildirib.

Nazirliyin müşahidələri Ukraynanın Rusiyanın son yeddi gündə itkilərinin orta hesabla gündə 824 nəfər təşkil etdiyinə dair məlumatlarına əsaslanır. Bu isə iyun və iyul ayları üçün orta göstəricidən dörd dəfə çoxdur. Nazirlik statistik məlumatların Ukraynanın “dəqiq olduğu ehtimal edilən” məlumatlarına əsaslandığını bildirib.

Britaniya Müdafiə Nazirliyi Rusiyanın itkilərinin artmasının “ehtimal ki,” bir neçə amillə, o cümlədən təlim keçmiş kadrların olmaması, cəbhədə koordinasiya və resursların olmaması ilə əlaqədar olduğunu bildirib.

Rusiya qüvvələri həftə sonu Ukrayna şəhərlərini atəşə tutmağa davam edib və ölkənin şərqində yeni əraziləri ələ keçirməyə cəhd göstərib.

Ukrayna və Qərb rəsmiləri Rusiyanın yeni genişmiqyaslı hücuma başlaya biləcəyi barədə xəbərdarlıq etsə də, Ukrayna rəsmiləri bununla belə Moskvanın belə bir hücum təşkil etməkdə çətinlik çəkdiyini bildirir.

Rusiyanın hərbiləşdirilmiş Vaqner Qrupunun lideri Rusiyanın Ukraynaya qarşı müharibəsinin qeyri-müəyyən müddət davam edə biləcəyini proqnozlaşdırıb. Yevgeni Priqojin cümə günü verdiyi video müsahibədə deyib ki, Rusiyaya Ukraynanın şərqindəki sənaye mərkəzi olan Donbasa tam nəzarət etmək üçün 18 aydan iki ilə qədər vaxt lazım ola bilər.

Priqojin daha sonra deyib ki, Moskva Dneprdən şərqdə daha geniş əraziləri ələ keçirmək qərarına gəlsə, müharibə üç il davam edə bilər.

Britaniyanın Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Rusiyanın Federal Penitensiar Xidmətinin məlumatlarına əsasən, 2022-ci ilin dekabr ayından etibarən hərbiləşdirilmiş qrup tərəfindən məhbusların cəlb edilməsi ilə bağlı rəqəmlərin düşdüyü müşahidə edilir. Nazirlik Ukraynada Vaqner Qrupunda xidmətlə bağlı “sərt reallıqlar” haqda xəbərlərin çox güman ki, “məhbuslara sızdığı və könüllülərin sayının azalmasına” səbəb olduğunu bildirib.

Britaniya Müdafiə Nazirliyi həmçinin bildirib ki, Rusiya hazırda “qüvvələrini tükəndirmək, hədəflərini azaltmaq və ya əlavə səfərbərlik həyata keçirməyə” davam etmək kimi “çətin seçim” qarşısındadır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı şənbə günü Moskvanın Donetsk vilayətinin şərqində Liman və Baxmut yaxınlığında qoşunların qruplaşmasını gücləndirdiyini, Rusiya qüvvələrinin əsas səylərini Ukraynanın şərqində və şimal-şərqində Kupyansk, Liman, Baxmut, Avdiivka və Novopavlivsk istiqamətlərində hücum əməliyyatlarına yönəltməyə davam etdiyni bildirib.

XS
SM
MD
LG