Accessibility links

Vəkil: Bəxtiyar Hacıyev 37 gündür aclıq edir, 16,4 kiloqram arıqlayıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

1 saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülən insan haqları fəalı Bəxtiyar Hacıyev 37 gündür aclığı davam etdirir. O özünün və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

Fevralın 14-də müalicə müəssisəsində Bəxtiyar Hacıyevlə görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib ki, o halszıdır, başgicəllənmələri var, səhhəti çox ağırdır. Onun sözlərinə həkim nəzarəti var, hər gün səhər və axşam müayinə edirlər.

"Dünən ona sistem qoşmaq istəyiblər, amma imtina edib. O darısqal bir otaqda saxlanılır, havalandırma sistemi yoxdur. Çəkisi 16,4 kiloqram arıqlayıb. Bu gün çəkisi 68.1 kiloqram olub (təcridxanaya daxil olanda şəkisi 84,5 kiloqram olub-red), nəbzi 68-dir, qan təzyiqi 95/65-dir. Dünən qanından analizlər götürülüb, hələ nəticələri təqdim etməyiblər”, vəkil qeyd edib.

Vəkil: Bəxtiyar Hacıyev 37 gündür aclıq edir, 16,4 kiloqram arıqlayıb
please wait

No media source currently available

0:00 0:00:52 0:00

Onun sözlərinə görə, bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları da Bəxtiyar Hacıyevə baş çəkib.

Vəkillər Bakı şəhər Xətai Rayon Məhkəməsinə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə dəyişdirilməsi barədə növbəti dəfə vəsatət təqdim edib. Bu gün, fevralın 14-də məhkəmə vəsatətə baxacaq.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 37 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə 14 gün aclıq edib.

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG