Almaniya kansleri Olaf Şolz cümə günü bildirib ki, Almaniyanın NATO tərəfdaşları ağır hərbi texnikanı Ukraynaya mümkün qədər tez göndərməyə hazırlaşır.
"Tank göndərə bilənlər bunu indi etməlidirlər" deyən Şolz Münhen Təhlükəsizlik Konfransında müttəfiqlərin bu məsələdə irəliləməsi üçün "sıx bir kampaniya aparacağını" deyib.
Şolzun müraciəti rolların dramatik şəkildə dəyişdirildiyini göstərir. Belə ki, əvvəllər Almaniyaya Leopard tanklarının Ukraynaya çatdırılmasını təsdiqləmək üçün müttəfiqlər təzyiq göstərirdi. Yanvarda Almaniya nəhayət ki, müttəfiqlərlə iki Ukrayna tank batalyonunun yaradılmasına kömək etmək üçün 14 tank göndərəcəyini bildirib.
Lakin NATO tərəfdaşları ilə sonrakı danışıqlar zamanı Leopard 2 A6 modelinin daha müasir tanklarının sayı barədə razılığa gəlmək mümkün olmayıb. Çərşənbə günü Almaniyanın müdafiə naziri Boris Pistorius etiraf edib ki, müttəfiqlər indiyədək 14-ü Almaniyadan, 3-ü Portuqaliyadan olmaqla, yalnız "yarım batalyon" Leopard 2 A6 tankı toplayıb. Başqa bir batalyon Leopard 2 A4 köhnə modelinin tankları ilə silahlanıb. Burada əsas töhfəni Polşa verəcək.
Münhendə keçirilən konfransda Şolz bildirib ki, Almaniya "tərəfdaşlarımıza bu qərarın qəbul edilməsində kömək etmək üçün öz üzərinə düşəni edəcək, məsələn, burada Almaniyada ukraynalı əsgərlərə təlimlər keçməklə və ya onları maddi-texniki təchizatla dəstəkləyəcək".
Niderlandla danışıqlar aparılsa da, Berlin 14 Leopard 2 A6 tankının Amsterdam tərəfindən göndərilməsinə etiraz edir. Çünki bu, onların istifadə olunduğu birləşmiş Almaniya-Niderland briqadasının “əməliyyat hazırlığını zəiflədəcək”.