Accessibility links

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi "Qadın böyük qüvvədir" şüarı altında sosial kampaniyaya başlayıb


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi "Qadın böyük qüvvədir" şüarı altında sosial kampaniyaya başlayıb.

Martın 1-də Bakının Gənclik MALL-da keçirilən tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və Avropa İttifaqına Üzv Dövlətlərin digər Səfirləri öz xanımları ilə və kampaniyaya dəstək verən tanınmış simalar iştirak edib.

Səfir Peter Mixalko tərdbirdə qeyd edib ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş kampaniya çərçivəsində Aİ Nümayəndəliyi Azərbaycanda uğur qazanmış qadınların hekayələrini bölüşəcək.

"Avropa İttifaqının dəyərlərindən biri olan gender bərabərliyi məsələsi Azərbaycan ilə münasibətlərdə gündəmdə duran mövzulardan biridir" , səfir bildirib.

Onun sözlərinə görə, insanlar öz seçimlərində, təşəbbüslərində qərarvermə prosesində sərbəst olmalıdır:

"Qadınlar, qızlar inkişafın və dəyişikliyin aparıcı qüvvəsidir. Gender bərabərliyinin əldə olunması və qadınların gücləndirilməsi sağlam, güclü, bərabər, inklüziv cəmiyyətin gücləndirilməsi üçün vacibdir".

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Qadın böyük qüvvədir” adlı kampaniya həyata keçirir
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Qadın böyük qüvvədir” adlı kampaniya həyata keçirir

Aİ səfiri qadınların və qızların davamlı inkişafın aparıcı qüvvəsi olduğunu, gender bərabərliyi təmin edilməsi, həmçinin qadınların hüquq və imkanlarının genişləndirilməsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə daxil edildiyini vurğulayıb.

Xatırlatma

8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində yüzlərlə qadının aşağı maaşa, uzun sürən iş saatlarına, pis iş şəraitinə etiraz olaraq tətil etməsi dünyada Qadınlar Günü kimi qeyd edilir.

1857-ci il hadisələrdən 52 il sonra 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin adlı bir alman sosialist qadını 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Beynəlxalq Qadınlar Günü olmasını təklif edib və bu təklif qəbul edilib.

1998-ci ildə Azərbaycanda Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Lakin hüquq müdafiəçiləri, qadın fəalları Azərbaycanın hələ də İstanbul Konvensiyasına qoşulmamasından narahatdırlar.

Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatlarının təhlili və vətəndaş cəmiyyətinin narahatlığı göstərir ki, 2021-ci il və 2022-ci ilin ilk iki ayı ərzində qadın qətlləri, azyaşlılara qarşı cinsi zorakılıq və erkən nikahlarlarla bağlı problemlər qalmaqdadır.

Bu problemlərlə bağlı hüquq müdafiəçiləri il ərzində bir neçə dəfə etiraz aksiyaları təşkil edib. Onlar hesab edir ki, bu halların əksəriyyəti məhz hüquqları qorumalı olan dövlətin hərəkətsizliyi nəticəsində baş verir. Hüquq müdafiəçilərinin hesablamalarıan görə, 2021-ci il ərzində təkcə mediada 72 qadın qətli xəbəri yer alıb. Qadınlardan 43%-i ərləri tərəfindən öldürülüb. 2021-ci ildə qeydə alınan məişət zorakılığı cinayətləri əvvəlki ildən 19% çoxdur (1499 cinayət). Məişət zorakılığından zərər çəkənlərin 78,5%-i qadınlardır.

XS
SM
MD
LG