Accessibility links

Dağlıq Qarabağdakı silahlı insidentə Rusiya, Azərbaycan və Xankəndindən fərqli baxışlar


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin martın 5-də Azərbaycan hərbçiləri ilə Dağlıq Qarabağın polisi kimi təqdim edilən şəxslərin arasında baş verən silahlı insidentlə bağlı yaydığı məlumat Azərbaycan tərəfindən qəbul edilmir. Silahlı insidentə özünü Dağlıq Qarabağın prezidenti kimi təqdim edən Araik Arutunyan isə tamamilə fərlqi mövqedən münasibət bildirib.

Silahlı insident zamanı Dağlıq Qarabağın polisi kimi təqdim edilən 3 şəxs, Azərbaycan tərəfdən isə 2 hərbçi həlak olub.

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin məlumatında deyilir ki, 2023-cü il martın 5-də Dyukyanlar qəsəbəsi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Dağlıq Qarabağın hüquq-mühafizə orqanlarının əməkdaşlarının olduğu avtomobili atəşə tutub.

“Toqquşma nəticəsində 3 nəfər həlak olub, avtomobildə olan bir işçi isə yaralanıb. Azərbaycan tərəfdən itkilər: iki ölü, bir yaralı olub. Rusiya sülhməramlılarının səyi ilə toqquşma dayandırılıb. Bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”, məlumatda qeyd edilir.

Azərbaycan Müdadfiə Nazirliyi martın 6-da Rusiya Müdafiə Nazirliyinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktların təhrif edildiyini və həqiqəti əks etdirməyən məlumatın yayıldığını qeyd edib.

“Bildiririk ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulmuş və nəticədə iki hərbçimiz şəhid olmuş, biri isə yaralanmışdır. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilmiş və biri yaralanmışdır. Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir. İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilmişdir”, məlumatda qeyd edilir.

Müdafiə Nazirliyi bildirir ki, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir.

“Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Xüsusilə qeyd edirik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terroru siyasəti hələ də davam etdirilir. Dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz yollarla Azərbaycana daşınan və ərazimizdə basdırılan minaların qurbanı mülki vətəndaşlarımız və hərbi qulluqçularımız olur. Belə ki, martın 4-də Qarabağ iqtisadi rayonunda baş vermiş mina partlayışı nəticəsində daha bir hərbi qulluqçumuz şəhid olmuşdur. 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Laçın yolundan istifadə edilərək kütləvi şəkildə Azərbaycan ərazilərinə gətirilməsi və basdırılması faktları müəyyən olunmuş, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin və hərbi attaşelərin həmin əraziyə faktaraşdırıcı səfəri təşkil olunmuşdur”, məlumatda bildirilib.

Müdafiə Nazirliyi “Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə, rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunlarının ölkə ərazisindən tam çıxarılmalı olduğuna” dair xəbərdarlıq edib.

“Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır. Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün davam etdirilməsi kimi qiymətləndirilir. Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir”, sənəddə qeyd edilir.

Özünü Artsax (Qarabağ) Respublikasının prezidentinin mətbuat xidməti kimi təqdim edən qurumun martın 6-da yaydığı məlumata görə erməni tərəfi Azərbaycanın təqdim etdiyi inteqrasiya anlayışını qəbul etmir.

“İkinci görüşdə Azərbaycan nümayəndəsi “inteqrasiya” sözündən istifadə edərək siyasi mövzuları müzakirə etməyə çalışdı, lakin bunun qarşısı alındı və siyasi məsələlər müzakirə olunarsa, bu, Azərbaycan tərəfindən Artsaxın müstəqilliyinin tanınması mövzusu olmalıdır”, mətbuat xidməti “Artsaxın prezidenti” kimi təqdim etdiyi Araik Arutyunyana isitinadən bildirib.

Araik Arutunyan bildirib ki, onları qarşıda “uzun bir mübarizə gözləyir”.

“Bu mübarizə çərçivəsində belə halların (silahlı insident-red) olacağını dərk etməli, qabaqlayıcı tədbirlər görməliyik. Mən dövlət naziri ilə problemlərimizi müzakirə etdim və bu gün Təhlükəsizlik Şurasının qərarı ilə hökumətə ərzaq və enerji təhlükəsizliyi proqramı hazırlamaq tapşırığı vermək istəyirəm, çünki biz bütün ssenariləri hesablamalıyıq”, Arutyunyan bildirib.​

Martın 6-da Avropa İttifaqı (Aİ) və NATO Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə ermənilər arasında silahlı insidentdən narahatlığını bildirib. Rəsmi məlumatlara görə, insident zamanı Azərbaycan Ordusunun 2 hərbçisi, erməni tərəfinin isə üç polis zabiti həlak olub.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stanonun yaydığı bəyanatda deyilir ki, Avropa İttifaqı Qarabağda azı beş nəfərin ölümünə səbəb olan hadisənin baş verməsindən dərin təəssüf hissi keçirir.

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Twitter səhifəsində yazdığı mesajda Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə ermənilər arasında silahlı insidentdən narahatlığını ifadə edib.

Xavyer Kolomina vurğulayıb ki, NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.

XS
SM
MD
LG