Accessibility links

Ukraynada müharibə zamanı 12 jurnalist öldürülüb, 21 jurnalist yaralanıb


Odesada Rusiya əleyhinəı aksiya
Odesada Rusiya əleyhinəı aksiya

2022-ci ildə Ukraynada müharibə zamanı 12 jurnalist və KİV işçisi peşəkar vəzifələrini icra edərkən öldürülüb, 21 nəfər yaralanıb.

Müharibə bütün dünyada, o cümlədən həbs edilmiş jurnalistlərin sayının xeyli artdığı Avropada mətbuat azadlığının tənəzzülü fonunda baş verib.

Bu barədə Avropa Şurasının (AŞ) Jurnalistlərin müdafiəsi və təhlükəsizliyi üzrə Tərəfdaş Təşkilatlar Platformasının illik hesabatında deyilir.

"Avropada müharibə və reportaj hüququ uğrunda mübarizə" adlı məruzə Avropada KİV azadlığına əsas təhdidləri və Avropa Şurasına, Avropa İttifaqına və üzv dövlətlərə tövsiyələri araşdırır.

2022-ci ildə Platforma 37 ölkədə, o cümlədən 2022-ci ilin martında AŞ-dan çıxarılmasına baxmayaraq, monitorinqinin davam etdirilməsi qərarına gəlinən Rusiyada KİV azadlığına ciddi təhdidlər və ya hücumlar haqqında 289 xəbərdarlıq dərc edib.

Hesabatda Rusiyada və Ukraynanın işğal edilmiş ərazilərində müstəqil jurnalistikanın boğulması faktları nəzərdən keçirilir, habelə Belarus haqqında xüsusi fəsil yer alır.

Müharibədə vəzifə öhdəliklərinin icrası zamanı həlak olan jurnalistlərlə yanaşı, Platforma Türkiyədə jurnalist Güngör Arslanın qətlini qeyd edib.

Avropada jurnalistlərin özbaşına həbsləri və saxlanılmaları adi hala çevrildiyi qeyd edilir. 31 dekabr 2022-ci il tarixinə olan məlumata görə, 127 jurnalist və KİV işçisi həbsdə olub, o cümlədən Azərbaycanda 4 media nümayəndəsi həbsdədir.

2022-ci il ərzində platforma jurnalistlərə qarşı 74 hücum, 41 saxlama və azadlıqdan məhrumetmə, 94 ləkəyaxma və qorxutma, KİV-ə qarşı 80 digər mənfi təsir halları qeydə alıb.

Məruzədə nəzər yetirilən digər məsələlər jurnalistlər üçün qanunvericilik məhdudiyyətləri, onların izlənməsi, saxta xəbərlər və dezinformasiya, jurnalistlərin qorxudulması üçün məhkəmə hakimiyyətindən sui-istifadə və s.-dir.

Məruzədə Azərbaycan ifadə azadlığını və müstəqil jurnalistikanı məhdudlaşdıran yeni qanun qəbul edilən, xüsusən yerli və əcnəbi jurnalistlər üçün yeni sərt qeydiyyat qaydaları tətbiq edilən ölkələr arasında göstərilib.

Hesabatda həmçinin jurnalistlərin ölkələrinin hüdudlarından kənarda olarkən belə təhdid altında olduğu, 2022-ci ildə Fransa polisinin azərbaycanlı bloger Məhəmməd Mirzəliyə qarşı sui-qəsdin qarşısını aldığı qeyd olunur.

XS
SM
MD
LG