Accessibility links

LGBTQI+ fəalları 8 Mart öncəsi feministlərə dəstəklərini ifadə ediblər


Martın 7-də LGBTQI+ fəalları Bakının “Mərkəzi Park” ərazisindəki körpüdən “Kuirlər oyaqdır, feministlərə dayaqdır” şüarlı banner asıblar.

LGBTQI+ fəalı Cavid Nəbiyevin sözlərinə görə həm kuirlər, həm də feministlər bədənlərinin və həyatlarının üzərində “qərarvermə ixtiyarını özündə tapan istismarçı iqtidara və irticaya qarşı” mübarizə aparırlar: “Patriarxat və onun təlqin etdiyi normativlərə, bu normativlərin strukturlaşmasına, sistem və onun seksuallıq, gender diskursu üzərindəki hegemonluğuna qarşı bu mübarizədə feminist yoldaşlarımızı tək qoya bilməzdik”.

LGBTQI+ fəalı Əli Məlikov isə bildirib ki, onlar kuir icma olaraq feministlərlə həmrəy olduqlarını, 8 Mart yürüşündə onlarla birlikdə olduqlarını bildirmək üçün bunu ediblər. “Biz düşünürük ki, bizim yaşamaq istəyimiz qadağan oluna bilməz”, deyə Məlikov bildirib.

Azərbaycanda Feminist Hərəkat “8 Marş – Yaşamaq İstəyirik” yürüşü keçirəcəyini elan edib. Hərəkat bildirib ki, “qadınlara qarşı baş verən sistematik zorakılıq və qətllər az deyilmiş kimi, 2022-ci ilin sonları və 2023-cü ildən etibarən qiymət artımları və sosial müdafiəsizlik sayəsində maddi rifahımız da kəskin pisləşib”. Bəyanatda deyilir ki, bu hal qadınları daha çox asılı hala salır və zorakı mühitdən xilas olmaqlarına mane olur. Hərəkat bu problemləri rəhbər tutaraq yürüş keçirəcəyini deyib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) martın 8-də Bakının mərkəzi “Fəvvarələr Meydanı”nda keçiriləcək “8 Marş - Yaşamaq istəyirik” yürüşünü “məqsədəuyğun” hesab etməyib.

Yürüşün “Fəvvarələr Meydanı”ndan Xurşudbanu Natəvanın abidəsinədək keçirilməsi planlaşdırılır. Şəhər administrasiyası imtinanı səbəbi kimi aksiya üçün təklif olunan marşrutun insanların sıx olduğu yerdə planlaşdırılmasını göstərib: “Şəhər sakinləri və paytaxtın qonaqlarının sıx olduğu ərazidir. Üstəlik, orada çox sayda ictimai iaşə və xidmət obyektləri yerləşir. Bununla əlaqədar həmin ərazidə aksiya keçirilməsi məqsədəuyğun deyil”.

Öz növbəsində, yürüş təşkilatçıları Bakı Şəhər İcra Hakimiyyətinin cavabına baxmayaraq, yürüşü keçirəcəklərini elan ediblər.

XS
SM
MD
LG