Accessibility links

Urmiyəli ailə 10 ay sonra Tura adlı övladına şəxsiyyət vəsiqəsi ala bilib


Urmiyədə yaşayan Paşayi ailəsi təqribən 10 ay mücadilədən sonra övladına seçdiyi Tura adı ilə şəxsiyyət vəsiqəsi ala bilib.

Bu barədə sosial media və internet səhifələrində məlumat yayılıb.

Uşağın ailəsinin sosial mediada paylaşdığı şəxsiyyət vəsiqəsinin surətində Tura 2022-ci ilin may ayında dünyaya gəlib. Şəxsiyyət vəsiqəsinin tənzimlənmə tarixi isə 1 mart 2023 olaraq qeyd olunub.

Ailənin keçən 10 ay ərzində hansı qurumlara müraciət etdiyinə dair məlumat yayılmayıb. Uşağın atası Əbdüssəlam Paşayi Quluncu öz Instagram səhifəsində türkcə ad ilə şəxsiyyət vəsiqəsi almağın tək yolunun “dirəniş” olduğunu ifadə edib.

“Oğlum Tura 10 ay sonra sicil (şəxsiyyət vəsiqəsi) sahibi oldu. Uşaqlarımıza türkcə ad qoymaq üçün uzun, yorucu və qarışıq məhkəmə yollarını göstərirlər,” Paşayi Quluncu yazıb.

Son illərdə İranda türklərin yaşadığı müxtəlif vilayətlərdə uşaqlarına türk adı seçən ailələrin sayının artdığı müşahidə edilir. Ailələr övladlarına xüsusilə Türkiyədə populyar olan adları verməyə üstünlük verirlər. Müxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını önə çəkərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.

İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən aiələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır.

Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Tarkan, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Ayıl, Anar, Türkay və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat idarələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.

XS
SM
MD
LG