Accessibility links

Vəkil: Həbsxanada 32 gündür aclıq edən Zamin Salayevin səhhəti ağırdır


Zamin Salayev
Zamin Salayev

“Zamin Salayevin səhhəti kifayət qədər ağırdır. O 25 kiloqramdan çox arıqlayıb. Qan təzyiqi 70/50-dir, nəbzi 58-dir, müvazinətini saxlaya bilmir.”

Bu barədə vəkil Nemət Kərimli martın 10-da 1 saylı Bakı İstintaq Təcridxanasında 32 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının sədri Zamin Salayevlə görüşdükdən sonra Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, Salayevin səhhəti ağır olmasına baxmayaraq ona həkim nəzarəti yoxdur.

“Yalnız bu gün Ombudsman Aparatının iki nümayəndəsi onunla görüşüb,” Kərimli deyib.

Zamin Salayev şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.

Öz növbəsində Penitensiar Xidmətdən fəalın səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinə bildirblər ki, Ombudsmanın tapşırığı ilə 1 saylı Bakı İstintaq Təcridxanasında Zamin Salayevə baş çəkmə olub.

"Zamin Salayev konfidensial şəraitdə dinlənilib. Onun məsələsi ilə bağlı Baş Prokurorluğa və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət olunub", Ombudsman Aparatının Mətbuat xidmətinin rəhbəri Emil Şahzadə Amerikanın Səsinə deyib.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

"Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar," Salayev fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG