Accessibility links

İrana səfər edən Azərbaycan vətəndaşının taleyindən hələ də xəbər yoxdur


Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)
Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)

Fevralın 20-də İrana səfər edən Almaniyanın Yena Universitetinin tələbəsi, Azərbaycan vətəndaşı Fərid Səfərlinin taleyindən hələ də xəbər yoxdur.

Bu barədə Fərid Səfərlinin Almaniyada oaln anası Dilarə Əsgərova martın 13-də Amerikanın Səsinə bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə də martın 13-də Amerikanın Səsinə bildirib ki, Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin İranın Azərbaycandakı səfirliyinə təqdim etdiyi notaya hələ cavab verilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin məlumatına görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

“Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir”, Ayxan Hacızadə yerli medianın sualının cavabında bildirib.

Öz növbəsində, Fərid Səfərlinin anası Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid kimliyi ona məlum olmayan Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub.

“Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq onların arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib”, o qeyd edib.

Əsgərova bildirib ki, martın 6-da oğlunun telefonunun 10 dəqiqə açıq olduğu görünüb.

“Fəridin telefonu bir anda açıldı. Onun teleqram nömrəsində də telefonunun açıq olduğu göründü. Mən dərhal zəng etdim, lakin telefonu götürən olmadı. Fərid mənim telefonuma hər an cavab verir. Telefon onda olsa idi, o dəqiqə cavab verərdi. Görünür telefon özündə olmayıb, kimlərsə telefonu bir anlıq açıb nə isə axtarıb. Telefon təxminən 10 dəqiqə sonra yenidən qapandı. Ona görə Fəridin saxlanıldığını təxmin edirəm”, Fərid Səfərlinin anası Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG