Accessibility links

Pentaqon Rusiyanın ABŞ-ın pilotsuz təyyarəsinə hücumunun görüntülərini yayıb


Pentaqon Rusiyanın ABŞ-ın pilotsuz təyyarəsinə hücumunun görüntülərini açıqlayıb
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Pentaqon Rusiyanın ABŞ-ın pilotsuz təyyarəsinə hücumunun görüntülərini açıqlayıb

Bayden administrasiyası Pentaqonun Rusiya təyyarəsinin beynəlxalq hava məkanında ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsini zədələdiyini göstərən video görüntüləri açıqlamasından sonra Rusiya ilə silahlı qarşıdurma istəmədiyini bildirib.

Pentaqon cümə axşamı görüntüləri yayımlayaraq, videoda Rusiyaya məxsus Su-27 təyyarəsinin Amerikanın MQ-9 Reaper pilotsuz təyyarəsinə yaxınlaşdığı, yanacaq səpdiyi və kamerasını qapadığını göstərdiyini bildirib.

ABŞ rəsmiləri deyirlər ki, ya eyni təyyarə, ya da Rusiyanın başqa bir qırıcısının yenidən yaxınlaşaraq MQ-9-un propellerinə dəyməsi Vaşinqtonu beynəlxalq sularda pilotsuz təyyarəni vurmağa məcbur edib.

Pentaqonun mətbuat katibi, Briqada Generalı Pat Rayder: “Təhlükəsiz, qeyri-peşəkar insidentlərin görüntülərini yayınlamaq bizim üçün qeyri-adi bir şey deyil. Biz bunu başqa hallarda da etmişik. Ona görə də xüsusilə bu vəziyyətdə ehtiyatsız və təhlükəli davranışı nəzərə alaraq, eləcə də rusların hansı hərəkətləri etdiyini ictimaiyyətə nümayiş etdirmək üçün bu görüntüləri təqdim etməyi vacib hesab etdik.”

ABŞ belə bir pilotsuz təyyarənin Ukrayna sahillərində Qara dəniz üzərində beynəlxalq hava məkanında uçduğunu bildirib. Moskva bu iddianı rədd edir.

“Onlar xüsusi hərbi əməliyyat başlayandan sonra hərbçilərimizin Qara dənizin sahilə yaxın bəzi əraziləri istənilən hava vasitələrinin girişinin məhdudlaşdırıldığı ərazilər elan etməsinə tamamilə əhəmiyyət verməyiblər,” Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Moskva həmçinin Rusiya təyyarəsinin pilotsuz təyyarənin propellerini kəsdiyini təkzib edib və ABŞ-ın gələcək “təxribatlarına mütənasib şəkildə” cavab verəcəyi barədə xəbərdarlıq edərək, təyyarənin qalıqlarını götürməyə çalışacağını bildirib.

Ağ Ev gərginliyin azaldılmasına cəhd göstərdiyini bəyan edib.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer: “Biz Rusiya ilə silahlı münaqişəyə can atmırıq. Biz eskalasiya riskini minimuma endirmək üçün bu kimi səbəblərə görə birbaşa rabitə xətlərini saxlayırıq. Amma yenə deyirəm, biz Rusiya ilə silahlı münaqişəyə can atmırıq”.

Rusiya və NATO təyyarələri arasında Ukraynada Qara dəniz sahillərində bu kimi müdaxilələr tez-tez baş verir, lakin ABŞ-ın pilotsuz təyyarəsinin vurulması iki nüvə supergücü arasında Ukrayna məsələsi ilə bağlı onsuz da mövcud gərginliyin daha da yüksələ biləcəyi ilə bağlı narahatlıqların artmasına gətirib çıxarıb.

“Ukraynanın hərbi əməliyyatlarını dəstəkləmək üçün bir növ kəşfiyyat məlumatları ötürən pilotsuz təyyarədən istifadə etməyimiz faktı bizi o anda dolayı yolla iştirakçı, birbaşa iştirakçıya çevirirmi? Bu, aydın deyil. Ona görə də mən hesab edirəm ki, hər iki tərəf həqiqətən də burada bir qeyri-müəyyənlik içindədir və biz bu kimi hadisələr vasitəsilə rusların nəyi məqbul hesab etdikləri və nəyi qəbul etmədiklərinin hədlərinin nədən ibarət olduğu ətrafında danışıqlar aparırıq,” Stimson Mərkəzinin təhlilçisi Kelli Qriko bildirib.

Qriko bildirib ki, Rusiya qüvvələri müxtəlif münaqişə zonalarında, o cümlədən Ukrayna və Suriyada məcburi siqnallardan istifadə edib. Lakin Kreml NATO-nun kollektiv müdafiə prinsipini işə salmasından çəkinir. Eyni zamanda, prezident Co Bayden dəfələrlə ABŞ qüvvələrinin Rusiya ilə birbaşa münaqişəyə cəlb edilməyəcəyinə söz verib.

XS
SM
MD
LG