Accessibility links

Ukraynalı anaların qorxusu: Uşaqların Rusiyaya deportasiyası


Ukraynalı anaların qorxusu: Uşaqların Rusiyaya deportasiyası
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Ukraynalı anaların qorxusu: Uşaqların Rusiyaya deportasiyası

Ukrayna rəsmilərinin məlumatına görə, 16 mindən çox ukraynalı uşaq Rusiyaya və ya Rusiyanın nəzarətində olan Ukrayna ərazilərinə zorla deportasiya edilib. Martın 24-nə olan məlumata görə, Olena Dudnikin oğlu Andriy də daxil olmaqla, cəmi 324 nəfər geri qaytarılıb.

Olena Dudnik Xarkov bölgəsindəki İzium şəhərindəndir. Keçən aprel ayında rus qoşunları şəhəri işğal edəndə onun 17 yaşlı oğlu Andriy atəşə tutularaq, ağır yaralanıb. Dudnik deyir ki, o, əməliyyat olunmaq üçün Rusiya səhra xəstəxanasına aparılıb.

"Onu otağa apardılar, sistemə bağladılar, həkim dedi ki, əməliyyat edəcəyik, sabah gəlib baxarsan. Ertəsi gün gələndə mənə dedilər ki, oğlum Moskvadadır".

Dudnik deyib ki, o, hər gün rusiyalı həkimlərdən oğlunu soruşub.

"Mənə hər dəfə deyirdilər ki, məlumat yoxdur. Ağladım və dedim ki, zəhmət olmasa, məni başa düşün, sizin də uşaqlarınız var. Heç olmasa onun sağ olub-olmadığını deyin".

Ay yarım sonra onun cib telefonuna mesaj gəlir.

"Bu, artıq internetdə yayılan skrinşot idi: Andriyin fotosu, bu ukraynalı uşağın Moskva xəstəxanalarından birində olduğunu, ağır yaralı olduğunu və xəstəxananın ünvanı."

O, dərhal Moskvaya gedir.

Ukrayna prezidentinin uşaq hüquqları üzrə komissarı bildirib ki, çox vaxt valideynlərin Rusiyadan uşağı götürmək üçün yeganə variantı onun yanına şəxsən getməsidir.

"Bu, çox risklidir. Bu valideynlər, bu qəyyumlar uşaqları ilə birlikdə qayıdacaqlarından 100% əmin deyillər" - deyə, Ukraynanın Uşaq Hüquqları üzrə Müvəkkili Daria Gerasimçuk bildirib.

Ukrayna rəsmilərinin məlumatına görə, 16 mindən çox ukraynalı uşaq Rusiyaya və ya Rusiyanın nəzarətində olan Ukrayna ərazilərinə zorla deportasiya edilib.

"Bizə bu uşaqlar üçün müvafiq sayda ərizə daxil olub. Bu müraciətlər bəzən valideynlərdən, digər qohumlardan, yerli hakimiyyət orqanlarından və ya sadəcə olaraq, uşağın deportasiya və ya məcburi köçürmə faktı barədə məlumatı olan hadisə şahidlərindən daxil olur", Gerasimçuk əlavə edib.

Rusiya hakimiyyəti uşaqları Ukrayna ərazilərindən çıxardıqlarını inkar etmir, lakin bunu deportasiya adlandırmır. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib ki, bu, uşaqları hərbi əməliyyatlar təhlükəsindən qorumaq üçün edilib.

Buna baxmayaraq, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putini uşaqların Ukraynadan qanunsuz deportasiyası və köçürülməsinə görə ittiham edərək, onun həbsinə order verib.

Polşa hökuməti tərəfindən maliyyələşdirilən, qismən totalitar rejimlərin öyrənilməsinə həsr olunmuş Pilecki İnstitutunun direktoru Maqdalena Qavin qərarın həlledici olduğunu düşünür.

"Bu iş xüsusi əhəmiyyət kəsb edir, çünki bu, insanlığa qarşı cinayətlərin bir hissəsidir. Deməli, bu, müharibə cinayətlərinin fərqli daha yüksək dərəcəsidir".

Olena Dudnik oğlunu Moskvadan geri götürə bilib və ukraynalı könüllülər onlara müvəqqəti mühafizə tapmağa kömək edib. Lakin Ukrayna rəsmiləri indiyə qədər Andriy kimi 400-dən az uşağın geri qaytarıldığını deyir.

XS
SM
MD
LG