ABŞ-ın vitse-prezidenti Kamala Harrisin çərşənbə axşamı Qananın paytaxtında Qara Ulduz Qapısında çıxışı zamanı Afrika ilə tərəfdaşlığın yeni dövrünü vəd edib.
Harris Akkrada onun çıxışını qızmar günəş altında dinləmək üçün toplaşan 8000 gənc qanalıya ABŞ və Afrika arasında tərəfdaşlıq, qadınların səlahiyyətlərinin artırılması, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi və demokratiyanın dəstəklənməsinin vacibliyini vurğulayıb.
Çıxışı onun Afrikaya bir həftəlik səfərinin ikinci günü baş tutub. Çərşənbə axşamı onun cədvəlinə, həmçinin əsarət altına alınmış afrikalıların bir vaxtlar Amerikaya gedən gəmilərə yükləndiyi yer olan Cape Coast qalasına baş çəkməsi də daxildir.
Harris bazar ertəsi ABŞ-ın Afrika ölkələrindəki maraqlarının Çinlə rəqabətdən kənara çıxdığını vurğulayıb. O, Qana prezidenti Nana Akufo-Addo ilə birlikdə Qananın prezidentlik iqamətgahı olan Yubiley Evində danışıb.
"Zorakı ekstremizm və qeyri-sabitlik təhdidlərinin aradan qaldırılmasına yardım məqsədi ilə bu gün mən məmnuniyyətlə Benin, Qana, Qvineya, Fil Dişi Sahili və Toqonu dəstəkləmək üçün 100 milyon dollarlıq yardım elan edirəm. Keçən həftə Prezident Co Bayden Birləşmiş Ştatların Münaqişənin qarşısının alınması və Sabitliyin Təşviqi Strategiyasının bir hissəsi kimi sahilyanı Qərbi Afrika üçün strateji plan elan edib. Bu gün maliyyələşdirmə və indicə elan etdiyim vəsait bu planın həyata keçirilməsinə kömək edəcək regionda idarəçilik və inkişaf məsələləri və təhlükəsizlik məsələlərinə aid ediləcək".
Harris, həmçinin ABŞ-ın 139 milyon dollardan çox yardım edəcəyini, bunun da əksəriyyətinin islamçı ekstremistlərin izlərini genişləndirdiyi Sahel bölgəsində münaqişələrin qarşısının alınmasına dəstək verəcəyini deyib.
Harris bu il qitəyə səfər edən beşinci yüksək səviyyəli ABŞ rəsmisidir və o, ABŞ-ın Afrika xalqlarını nəhəng infrastruktur layihələri quran və Afrika ölkələrinə milyardlarla dollar borc verən, bir çoxlarının təsir və çıxış üçün mübarizə apardığı dedikləri Çinlə öz rəqabətinin obyektivindən gördüyünə dair tənqidləri rədd edib.
Harris, həmçinin Akkranın incəsənət sahələrində olub, skeytbord parkını və səsyazma studiyasını ziyarət edib.
Jurnalistlərə danışan aktyor İdris Elba onunla birlikdə gəzintiyə çıxıb.
"Düşünürəm ki, vitse-prezidentin Qanaya gəlməsi, Afrikaya gəlməsi dünyanın qalan hissəsinə əslində buranın tərəfdaşlıq və investisiya şərtləri ilə fantastik yer olduğunu göstərmək üçün əhəmiyyətli bir siqnaldır" - deyə, o bildirib.
Harris Qanadan Tanzaniyaya səfər edəcək. Onun növbəti dayanacağı isə Zambiya olacaq.