Accessibility links

Azərbaycan və İran Xarici İşlər Nazirlikləri qarşılıqlı ittiham bəyanatları yayıb


İran və Azərbaycan bayraqları
İran və Azərbaycan bayraqları

Martın 31-də Azərbaycan Xarici İşlər Nazirliyi İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənaninin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrailə səfəri zamanı səsləndirilən bəyanatlarla bağlı iddialarına etiraz edib.

Azərbaycan Xarici İşlər Nazirliynin (XİN) rəsmi nümayəndəsi Ayxan Hacızadə bildirib ki, Bayramov İsraildə keçirilən mətbuat konfransında İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Buna görə Bakıda İran XİN-in nümayəndəsinin bəyanatı növbəti "anti-Azərbaycan addımı" kimi qiymətləndirilir.

İsrailin xarici işlər naziri Elli Koen martın 29-da Tel-Əvivdə Azərbaycanın XİN başçısı Ceyhun Məmmədovla birgə mətbuat konfransında İranı regionu təhdid altında saxlamaqda və terrora dəstək verməkdə ittiham edib.

"Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik," Koen bildirib.

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycan hakimiyyətini İran əleyhinə bu yaxınlarda səslənən ifadələr və İsrail rejimi ilə Tehrana qarşı formalaşdığı ehtimal olunan vahid cəbhə ilə bağlı açıqlama verməyə çağırıb.

İran rəsmisinin Azərbaycanın ünvanına səsləndirdiyi fikirləri qətiyyətlə pisləyən Ayxan Hacızadə bu növ bəyanatların iki ölkə arasındakı münasibətləri böhran vəziyyətinə saldığını bildirib.

"Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib," Hacızadə qeyd edib.

Onun sözlərinə görə, əksinə - son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir.

"Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uçuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatların verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu videoçarxların çəkilməsini və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini göstərmək olar," Hacızadə deyib.

O, əlavə edib ki, Tehranın təhdidləri Azərbaycanı qorxuda bilməz və Azərbaycan "hər hansı bir təcavüzün və təxribatın" qarşısını almağa qadirdir.

İranın İRNA agentliyinin yaydığı məlumata görə, Naser Kənani cümə günü verdiyi bəyanatda İsrailin xarici işlər nazirinin Azərbaycanın xarici işlər naziri ilə "İrana qarşı vahid cəbhə formalaşdırılması" haqqında razılıq əldə edildiyi haqqında bəyanatına cavab verib.

Kənani bu addımı sionist rejimin Azərbaycan ərazisini İran İslam Respublikasının milli təhlükəsizliyi üçün təhdidə çevirmək niyyətinin daha bir dəlili adlandırıb və onu qəti şəkildə pisləyib.

İran nümayəndəsi həmçinin bildirib ki, Azərbaycan hökuməti İran və Azərbaycan xalqlarının düşmənləri tərəfindən qurulmuş tələyə düşməkdən qaçmalıdır.

İran və Azərbaycan xalqları arasında möhkəm tarixi və dini əlaqələr olduğunu vurğulayan Kənani əlavə edib ki, İran İslam Respublikası hər zaman iki qonşu ölkə arasında məsafə yaratmağa çalışan düşmənlərin səylərinə mane olmağa çalışıb.

“İran İslam Respublikası sionist rejimin Azərbaycan Respublikası ərazisindən ölkəyə qarşı sui-qəsdinə (təhdidinə) biganə qala bilməz,” o, qeyd edib.

İsrail Naser Kənaninin bugünkü bəyanatı ilə bağlı hələ şərh verməyib.

XS
SM
MD
LG