Accessibility links

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutuna tələbə qəbulu elan edib


GİPA (Arxiv foto. Mənbə: VOA)
GİPA (Arxiv foto. Mənbə: VOA)

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan edib.

ABŞ səfirliyinin məlumatına görə proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir.

“Beş nəfərə qədər azərbaycanlı namizəd 2023-cü ilin sentyabrından 2025-cü ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq proqram üçün seçilməsi gözlənilir. Müsabiqəyə jurnalistika, media, kommunikasiya, qrafika, fotojurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilər. Tələbələr 2023-cü ilin sentyabr ayından 2024-cü ilin dekabr ayına kimi Tbilisi şəhərində GİPA-da oxuyacaqlar. 2025-cü ilin may ayında isə onlar diplom işlərini müdafiə etmək üçün yenidən instituta qayıdacaq. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq”.

Səfirlik bildirir ki, müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.

Sənədlərin qəbulu üçün son tarix 30 aprel 2023-cü ildir.

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai Əlaqələr İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçular və jurnalistlər yetişdirən institutdur.

Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi 2001-ci ildə jurnalistika və media idarəçiliyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. İnstitutun prinsiplərinə əsasən dəqiq və qərəzsiz xəbərin çatdırılması ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

Institut açıldığı vaxtdan bəri ingilisdilli regional proqramı bitirərək 200-ə yaxın məzun jurnalistika və media əlaqələri üzrə magistr dərəcəsi əldə edib.

“İnstitutun Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışırlar. Onların 85 faizi hazırda müxtəlif sahələrdə çalışır. Bizim məzunlar hazırda fəaliyyət göstərdikləri televiziya, radio və qəzetlərdə dəqiqlik, qərəzsizlik, müstəqillik kimi prinsipləri ilə tanınmış jurnalistlərdir”, məlumatda qeyd edilir.

XS
SM
MD
LG