Accessibility links

Zelenski Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyə başlamasını “cəfəng” adlandırıb


Ukrayna prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclası zamanı video bağlantı ilə çıxış edərkən.
Ukrayna prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclası zamanı video bağlantı ilə çıxış edərkən.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsini “cəfəng və dağıdıcı” hadisə kimi qiymətləndirib və bunun “beynəlxalq institutların tam iflasını” sübut etdiyini bildirib.

Aprelin 1-də axşam saatlarında danışan Zelenski deyib ki, “terrorda məsuliyyət daşıyanların” beynəlxalq qurumlara sədrlik etməsinə icazə verilməməlidir.

"Rusiya Ordusu daha bir ukraynalı uşağı, Avdiyivkadan olan 5 aylıq uşağı öldürdü və bu baş verəm bir zaman Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edir", - Zelenski deyib.

Zelenskidən əlavə, Avropa İttifaqının xarici siyasət rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı aprel ayı ərzində Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə istənilən sui-istifadəyə qarşı duracaq.

"Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, Rusiya davamlı olaraq BMT-nin qanunvericilik bazasının mahiyyətini pozur", - Borrell aprelin 1-də Twitter hesabında bildirib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın sədrliyə başlamasını “beynəlxalq ictimaiyyətin üzünə vurulan sillə” adlandırmışdı. O, BMT Təhlükəsizlik Şurasının digər üzvlərini Moskvanın öz sədrliyindən sui-istifadə etməsinin qarşısını almağa çağırıb.

Ukrayna prezidentinin köməkçisi Mixaylo Podolyak deyib ki, bu addım “beynəlxalq hüququn növbəti dəfə zorlanmasıdır”.

"Təcavüzkar müharibə aparan, humanitar və cinayət hüquq normalarını pozan, BMT Nizamnaməsini pozan və nüvə təhlükəsizliyinə etinasız yanaşan bir ölkə dünyanın əsas təhlükəsizlik orqanına rəhbərlik edə bilməz", - Podolyak Twitter-də bildirib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı əsassız müharibəyə başladıqdan sonra ilk dəfə olaraq aprelin 1-dən BMT Təhlükəsizlik Şurasında bir aylıq sədrliyi təhvil alıb.

Rusiyanın Ukraynaya təcavüzü BMT Nizamnaməsini pozub, bu nizamnamə dövlətlərdən başqa bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməkdən çəkinməyi tələb edir.

BMT Baş Assambleyası işğalın başlamasından bir neçə gün sonra Rusiyadan Ukraynadakı müharibəni dərhal dayandırmağı tələb edən qətnamə qəbul etdi. Rusiya Təhlükəsizlik Şurasında oxşar qətnamənin qəbuluna mane olub.

Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyə başlaması həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putini müharibə cinayəti sayılan uşaqların Ukraynadan qeyri-qanuni deportasiyasına görə məsuliyyət daşımaqda ittiham edərək həbsinə dair orderindən sonraya təsadüf edir.

XS
SM
MD
LG