Accessibility links

Milli Məclisdə İran tənqid olunub


Milli Məclis
Milli Məclis

Aprelin 4-də deputatlar Milli Məclisin plenar iclasında deputat Fazil Mustafaya qarşı silahlı hücumu qınayıb.

Yerli medianın yaydığı məlumata görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir.

"Ziya Bünyadovun, Rafiq Tağının qətlinin sifarişi də İrandan gəlmişdi. Belə hücumlar heç bir nəticə verməyəcək. Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir, bu hücumları quranların elə özlərinin başında çatlayacaq" , Ziyafət Əsgərov bildirib.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd edib ki, Fazil Mustafaya qarşı törədilən əməl terror aktı kimi dəyərləndirilib.

"Spiker Sahibə Qafarova, deputat həmkarları Fazil Mustafanı daim diqqətdə saxlayır. İnanırıq ki, terror aktının təşkilatçıları, iştirakçıları cəzalandırılacaq" , o deyib.

Depuatat Siyavuş Novruzov Fazil Mustafaya qarşı terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirib.

Siyavuş Novruzov deyib ki, bu gün İran Naxçıvanla sərhədə qoşun yığıb.

"Biz döyüşməyə hazırıq. Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, güclü Azərbaycanın güclü rəhbəri var. İranın da, başqa dövlətlərin də əlaltılarına xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar" , o bildirib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin islama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir.

Deputatın sözlərinə görə, martın 4-ü Bakıda hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir.

"Terrorun silahı nə olursa-olsun, pistolet, avtomat, yoxsa bomba, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir", deputat əlavə edib.

Rəsmi məlumata görə, martın 28-də Milli Məclisinin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev aprelin 3-də gecə saatlarında Amerikanın Səsinə millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfərin müəyyən olunaraq saxlanıldığını təsdiq edib.

Bundan əlavə hüquq-mühafizə xidmətinin məlumatına görə, daha iki nəfər saxlanılıb.

Saxlanılanların kimliyi barədə hələ rəsmi məlumat verilməsə də, yerli media Dövlət Təhlükəsziliyi Xidmətində saxlanılan şəxslərin adlarını açıqlayıb. Onların İrana bağlı olan şiə məzhəbli dindarlar olduğunu yazıb.

Həmçinin saxlanılan şəxslərin yaxınları və vəkilləri hələ hər hansı açıqlama verməyib.

İran tərəfi Azərbaycan rəsmilərinin bu çıxışlarına hələ cavab verməyib.

XS
SM
MD
LG