Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək.
Bu "Miqrasiya Məcəlləsi"nə Milli Məclisin aprelin 4-də etdiyi dəyişiklikdə əksini tapıb.
Belə ki, Məcəllənin 46-cı maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər sadalanır. Yeni dəyişikliyə əsasən bu sənədlər siyahısına, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd daxil edilir.
"Miqrasiya Məcəlləsi"nə əsasən nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.
Belə ki, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin əcnəbilərə ölkə ərazisində uzun müddət yaşamaq, icazə almadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq, gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciət etmək və digər geniş imkanlar yaradır.
Bundan başqa, qabaqcıl ölkələrin təcrübələrinə əsasən əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində olduğu ölkənin vətəndaşı ilə birinci dərəcəli (ata, ana, ər (arvad) və övlad) yaxın qohum olarsa, həmin ölkə ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir. Bu baxımdan qohumluq münasibətlərinə görə daimi yaşamaq icazəsinin alınması üzrə qohumların dairəsinin məhdudlaşdırılması və yalnız müraciət edən şəxsin atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda daimi yaşamaq icazəsi ala bilməsi təklif olunur.