Accessibility links

Məhkəmə aclıq aksiyası keçirən AXCP üzvünü həbsdə saxladı


Bakı Apelyasiya Məhkəməsinin qarşısı
Bakı Apelyasiya Məhkəməsinin qarşısı

Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayevin ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı şikayətə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib.

Vəkil Nemət Kərimli çıxışında iş üzrə ibtidai istintaqın aprelin 6-da başa çatdığını və Salayevi həbsdə saxlamağa əsas olmadığını bildirib. Vəkil qeyd edib ki, Salayev 60 gündür aclığı davam etdirir:

Vəkil Nemət Kərimli
Vəkil Nemət Kərimli

"Qaradağ rayon məhkəməsi həbsin ev dustaqlığına əvəz edilmısi barəsində qərar qəbul etmişdi. Həmin qərardan apellyasiya şikayəti vermişdik. Məhkəmə həmişə olduğu kimi şikayəti təmin etmədi. Baxmayaraq ki, təmin etmək üçün heç bir əsas yox idi. İlk növbədə, onun həbsi üçün seçilmiş əsaslar aradan qalxıb. Dünən cinayət işi yekunlaşıb, elan edilib. Səhhəti pisdir, kürək nahiyəsində yaralar var. Aclıq aksiyası keçirdiyi üçün bədən quruyur, buna görə də, yaralar baş verir. Digər tərəfdən, həkimin bildirdiyinə görə, böyrəklərində büzüşmələr var, yerişi həddindən artıq çətinləşib".

Zamin Salayev məhkəmədə çıxış edərək öz həbsini siyasi sifariş adlandırıb.

Milli Şuranın üzvü Tofiq Yaqublu bildirib ki, məhkəmənin qərarı gözlənilməz olmayıb:

Milli Şuranın üzvü Tofiq Yaqublu
Milli Şuranın üzvü Tofiq Yaqublu

"İlham Əliyev ölkədə hüquq adına heç nə qoymayıb. Zamin Salayev siyasi məhbusdur, vicdan məhbusudur. O 60 gündür aclıq aksiyası keçirir. Hüququ bir kənara qoyduq, insanlıq da ölməməlidir axı. Hər an, o, həyatını itirə bilər. Bunu bilmək üçün xüsusi tibbi bilgilərə sahib olmağa ehtiyac yoxdur".

Vəkil Nemət Kərimli Bakı Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəklərini bildirib.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG