Accessibility links

Taleh Bağırzadə inanclı şəxslərin kütləvi həbslərini dayandırmağı tələb edib


Taleh Bağırzadə
Taleh Bağırzadə

Aprelin 7-də Azərbaycan Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadə son zamanlar inanclı şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb. Hərəkatın məlumatına görə, son 3 ayda təşkilatın 27 üzvü həbs olunub. Həbs edilənlərin hamısına da narkotik ittihamı verilib.

Bağırzadə bildirib ki, Azərbaycanda "anti-islam, xüsusi olaraq anti-şiə meyillər uzun illərdir hakimiyyətin gündəmindədir".

"Bunun üçün ölkənin inanclılarına qarşı repressiv davranışlar zamanla bu və ya başqa formada təzahür etməkdədir", açıqlamada bildirilir.

Hərəkat sədrinin sözlərinə görə, inanclıların cəmiyyətdə mənfi imicdə təqdimatı keçmişin təcrübəsidir.

"İllərdir ruhanilərin narkotik maddələrlə şərlənərək həbsə atılması, inanclılara eyni töhmətin vurulması şəxsən öz təcrübəmdən yaşanan hadisədir. Bu gün hadisənin belə geniş vüsət alması, "inanclı vahiməsi"- şiə əqidəsinin bir zamanlar cəmiyyətdə terrorçu-təkfirçi siyasi cərəyanına bənzər qorxunc imicə salınması planlı təxribatın şiəliyə, İslamın həqiqətinə vurulan ləkə olduğunu tam çılpaqlığı ilə göstərir", deyə o bildirib.

Taleh Bağırzadə həbs edilənlərə araşdırma olmadan "casus" damğası vurulduğunu qeyd edib.

"Narkotik ittihamı ilə şərləyib mediada casus kimi təqdimat isə bu işin arxasında dayanan qüvvələrin məkirli addımlarını gün kimi aydınladır. Bir də buna heç bir məhkəmə qərarı, araşdırma olmadan "casus" damğası vurmaq, İranla münasibətlərdə böhranı bəhanə edib əqidənin aşağılanmasına yönəli hiddət və nifrətdən başqa bir mənaya gəlmir".

Hərəkat sədri hakimiyyətdən inanc və inanclılara qarşı haqsız ittihamlar və kütləvi həbsləri tezliklə dayandırmağı tələb edib.

"Unutmayın ki, əqidənin yaratdığı paklıq ruhunda pərvaz edən bu günahsız insanların həbsi öz oturduğu budağı kəsib yüksəklikdən aşağı yuvarlanan insanın aqibətini qaçılmaz edəcək", deyə açıqlamada deyilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev inanclı şəxslərin həbsindən xəbərsiz olduğunu bildirib.

Taleh Bağırzadə nə zaman həbs olunub?

Taleh Bağırzadə də daxil olmaqla, 100-ə yaxın inanclı şəxs 26 noyabr 2015-ci ildə Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Taleh Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.

Həbs edilənlərdən 42 nəfərə dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ağır maddələrlə ittihamlar verilib və onlar 13 ildən 20 ilə qədər azadlıqdan məhrum ediliblər.

Digərlərinə isə 5-6 ilə qədər həbs cəzası verilib. Həbs olunanların əksəriyyəti ya cəza müddəti başa çatdığına, ya da əfv sərəncamıyla azadlığa buraxılıb.

Taleh Bağırzadə bu ittihamları qəbul etmir və həbsinin siyasi olduğunu deyir.

XS
SM
MD
LG