Accessibility links

Rusiya Ukrayna ilə taxıl ixracına dair sazişin uzadılması üçün Qərbdən yenidən güzəştlər tələb edir


Rusiya BMT-nin vasitəçiliyi ilə Ukrayna ilə bağlanmış taxıl ixracı sazişini Qərbin Rusiyanın ərzaq və gübrə ixracına "maneə" adlandırdığı məsələyə görə pozmaqla hədələyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Türkiyəyə etdiyi səfəri zamanı bildirib ki, Qərb Rusiya mallarının ixracına mane olan bank və sığorta məhdudiyyətlərini aradan qaldırmasa, Ukraynanın Qara dəniz limanları vasitəsilə taxıl ixrac etməsinə imkan verən 2022-ci ilin iyul ayında əldə edilmiş müqavilədən imtina edəcək.

“Əgər onların [BMT-nin baş katibi Antonio] Quterreşin təklif etdiyi və bu qədər israrla irəli sürdüyü şeyə vicdanla yanaşmaq istəkləri yoxdursa, müvafiq məhsulları Ukraynadan quru, dəmir yolu və çayla daşımağa davam etsinlər” - deyə, Lavrov bildirib.

O həmçinin əlavə edib ki, Rusiya öz məhsullarını ixrac etmək üçün “bu təşəbbüs çərçivəsindən kənarda” işlər aparacaq.

Əvvəlcə 120 gün davam edən müqavilənin müddəti iki dəfə uzadılıb. Müqavilə mart ayında ikinci dəfə cəmi 60 gün müddətinə uzadılıb və mayın ortalarında bu müddət başa çatır.

Lavrov deyib ki, “Rusiya gübrələrinin və taxılının ixracı qarşısındakı maneələrin aradan qaldırılmasında əlavə irəliləyiş olmadığına görə, biz bu razılaşmanın zəruri olub-olmadığını haqda düşünəcəyik”.

Moskva bildirib ki, müqavilənin uzadılması üçün Rusiyanın dövlət Rosselxozbank-ının beynəlxalq SWIFT ödəniş sisteminə yenidən qoşulması da daxil olmaqla, Qərbdən bir sıra güzəştlər edilməlidir.

Ukrayna və Rusiya aparıcı taxıl ixracatçılarıdır və saziş Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya səbəbsiz hərbi müdaxiləsi nəticəsində yaranan qlobal ərzaq böhranının yumşaldılması məqsədilə imzalanıb.

Lavrov həmçinin Moskvanın “birtərəfli dünya nizamı əvəzinə hamımıza lazım olan yeni dünya nizamı” çağırışlarını da təkrarlayıb. O heç bir sübut olmadan Qərbi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərini pozmaqda ittiham edib.

Rusiya aprel ayından BMT Təhlükəsizlik Şurasının rotasiya üzrə sədrliyini qəbul edib və Lavrovun aprelin 24-ü və 25-də Nyu-Yorkda keçiriləcək sessiyalarına qatılacağı gözlənilir.

XS
SM
MD
LG