Accessibility links

Deputat Fazil Mustafa daha bir cərrahi əməliyyat keçirdiyini bildirib


Fazil Mustafa
Fazil Mustafa

Aprelin 7-də Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa üçüncü dəfə əməliyyat olunub. Bu barədə o, öz Facebook səhifəsində məlumat verib:

"Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu. Həmd olsun Allaha ki, hər şey yaxşılığa doğru gedir".

Onun sözlərinə görə, müalicə və reabilitasiya prosesi davam edir.

"İnşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun", deyə Fazil Mustafa bildirib.

Rəsmi məlumata görə, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahdan atəş açılaraq silahlı hücum olub.

Fazil Mustafanın bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası aldığı bildirilir.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

DTX silahlı hücumu terror aktı adlandırıb. Xarici İşlər Nazirliyi öz açıqlamasında istintaqın ilkin rəyinə əsaslanaraq hadisədə İran izi göründüyünü bildirib.

İşlə bağlı Azər Səricanov, İlkin Süleymanov, Səbuhi Şirinov, Elşad Əsgərov və Emin Əliyarovun saxlanıldığı bildirilir.

Bəzi media qurumları həbs olunanların 6 nəfər olduğunu qeyd edib. DİN-in şöbə rəisi Elşad Hacıyev bildirib ki, onun yaydığı məlumatda 4 nəfərdir:

"Ola bilsin mətbuat məlumatı istintaqdan alıb. İstintaqı isə Dövlət Təhlükəsizlik Xidməti aparır".

Deputat Fazil Mustafaya qarşı silahlı hücumun iştirakçılarından biri kimi təqdim olunan İlkin Elçin oğlu Süleymanova qarşı isə narkotik ittihamı irəli sürüldüyü məlum olub. Meydan TV-nin hüquq-mühafizə orqanlarındakı mənbədən əldə etdiyi məlumata görə, İlkin Süleymanova Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddələrilə ittiham irəli sürülüb.

Aprelin 5-də Binəqədi Rayon Məhkəməsində bu maddələrlə onun barəsində həbs qətimkan tədbiri seçilib. Həbs qərarını hakim Fərid Əmirəliyev verib. Bu maddələrdə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İlkin Süleymanov haqqında cinayət işinin istintaqı Binəqədi Rayon Polis İdarəsində aparılır. Onun üzərindən 3 qramdan artıq narkotik tapıldığı iddia olunur. Lakin onun yaxınları narkotik ittihamını absurd sayır, İlkin Süleymanovun pis vərdişlərdən tam uzaq olduğunu deyir.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib ki, İlkin Süleymanov barəsində cinayət işi var. Lakin istintaq getdiyinə görə əlavə məlumat verilə bilməz.

Son vaxtlar ölkədə 400-ə yaxın dini inanclı şəxsin həbs olunduğu bildirilir. Bu barədə ictimai fəallar, hüquq müdafiəçiləri məlumat yayıb. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Onların yaxınları və vəkilləri bu ittihamların saxta olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG