Accessibility links

Vəkil: Həbsxanada 65 gündür aclıq edən AXCP fəalının qollarında yaralar yaranıb


Zamin Salayev (Arxiv foto. Mənbə: VOA)
Zamin Salayev (Arxiv foto. Mənbə: VOA)

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan Rayon Təşkilatının sədri Zamin Salayev 65 gündür həbsdə aclığı davam etdirir. Onun səhhətində ciddi ağırlaşmalar var. Amma Salayev aclığı haqqa qovuşanadək davam etdirməkdə israrlıdır.

Vəkil: Həbsxanada 65 gündür aclıq edən AXCP fəalının qollarında yaralar yaranıb
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Bu barədə vəkil Fəxrəddin Mehdiyev aprelin 12-də təcridxanada Zamin Salayevlə görüşündən sonra Amerikanın Səsinə bildirib.

"Onun çox tez-tez başgicəllənmələri olur, ayaqları tutulur, öd kisəsində, böyrəklərində ağrılardan şikayətlənir. Qollarında yaralar və səpkilər yaranıb. Ciddi çəki itkisi var. Təzyiqi 70/50-dir. Ürək döyüntüləri artıb. Zamin Salayev yeriyə bilmir. Mənimlə görüşə mühafizəçilər qollarından tutaraq gətirdilər", vəkil qeyd edib.

Mehdiyevin sözlərinə görə, Salayev həkim nəzarətindən çox narazı olduğunu deyib.

"O, 65 gündür aclıq etməsinə baxmayaraq, hələ də təcridxananın tibb-sanitra hissəsinə köçürülməyib. Dedi ki, ümumiyyətlə həkim nəzarəti yoxdur", vəkil bildirib.

Onun sözlərinə görə, Qırmızı Xaç Komitəsinin nümayəndələri də Salayevə hələ baş çəkməyib.

"Yalnız iki dəfə ombudsmanın nümayəndələri ona baş çəkib. Bunun isə hər hansı bir nəticəsinin olmadığını dedi. Çünki ona qarşı münasibətdə hər hansı dəyişiklik yoxdur", Mehdiyev qeyd edib.

Öz növbəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Salayevlə bağlı şərh almaq mümkün olmayıb.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq aclıq edir.

XS
SM
MD
LG