Accessibility links

ABŞ-ın gizli hökumət və hərbi sənədlərini sızdırmaqda şübhəli bilinən şəxs saxlanılıb


Federal Təhqiqatlar Bürosu əməkdaşları Massaçusetts Hava Milli Qvardiyasının kəşfiyyat qanadının üzvü Cek Teyşeyra həbs edərkən. Dayton, Massaçusetts. 13 aprel, 2023.
Federal Təhqiqatlar Bürosu əməkdaşları Massaçusetts Hava Milli Qvardiyasının kəşfiyyat qanadının üzvü Cek Teyşeyra həbs edərkən. Dayton, Massaçusetts. 13 aprel, 2023.

Federal Təhqiqatlar Bürosu ABŞ-ın gizli hökumət və hərbi sənədlərini kütləvi şəkildə sızdırmaqda şübhəli bilinən Milli Hava Qvardiyasının 21 yaşlı üzvünü həbs edib.

Aprelin 13-ü FTB-nin yaydığı bəyanatda deyilir ki, Massaçusetts Hava Milli Qvardiyasının kəşfiyyat qanadının üzvü Cek Teyşeyra Massaçusetts ştatının Dayton şəhərindəki evində “insidentsiz” saxlanılıb.

ABŞ Baş Prokuroru Merrik Qarland qısa televiziya çıxışında bildirib ki, Teyşeyra “məxfi milli müdafiə məlumatlarının icazəsiz əldə edilməsi, saxlanması və ötürülməsi” ilə bağlı araşdırma ilə əlaqədar həbs edilib.

Qarland əlavə edib ki, araşdırma davam edir və uyğun vaxtda daha çox məlumat ictimaiyyətlə paylaşılacaq.

İttiham sənədləri hələ təqdim edilməsə də, Qarlandın bəyanatı onu ehtimal etməyə kifayət edir ki, Teyşeyra Casusluq Aktı çərçivəsində ittiham ediləcək. Ədliyyə Nazirliyinin 1917-ci ildən istifadə etdiyi bu sənəd hökumət məlumatlarını sızdıranları mühakimə etmək üçün icazəsi olmayan insanların “milli müdafiə məlumatları”-nın əldə edilməsi, saxlanması və ötürülməsini kriminal fəaliyyət kimi tanıyır.

The Washington Post qəzetinin bildirdiyinə görə, Teyşeyranın sızdırdığı ehtimal edildiyi sənədlərə Ukraynanın hərbi qabiliyyəti və ABŞ-ın kəşfiyyat icmasının Rusiya hərbi rəhbərliyinə çıxışı ilə bağlı həssas məlumatlar daxildir.

XS
SM
MD
LG