Accessibility links

Məxfi sənədlərin sızdırılmasında şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxarılıb


ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) sızdırıldığı iddia edilən məxfi sənədlərlə bağlı aparılan istintaq çərçivəsində Massaçusets ştatında saxlanılan 21 yaşlı Cek Duqlas Teyşeyra bu gün Bostonda hakim qarşısına çıxarılıb. Şübhəlinin Milli Hava Qvardiyasının üzvü olduğu bildirilir.

Ədliyyə naziri Merrik Qarland dünən istintaqla bağlı mətbuat üçün qısa açıqlamasında bildirib ki, Cek Teyşeyra milli müdafiə ilə bağlı məxfi sənədlərin icazəsiz çıxarılması və ötürülməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Nazir şübhəlinin Federal Təhqiqat Bürosu (FTB) tərəfindən insidentsiz olaraq nəzarətə alındığını və Massaçusets ştatında məhkəmə qarşısına çıxacağını bildirib.

FTB-nin əməliyyatının mətbuatda əks olunan fotolarında onun köynək və şortik geyindiyi və evin qarşısında səlahiyyətlilərə təslim olduğu görüntülənib.

Baş prokuror Qarland istintaq davam etdiyi üçün əlavə təfərrüat verməyib.

Bununla belə ABŞ mətbuatına danışan istintaqla tanış olan mənbələr şübhəli Cek Teyşeyranın sənədləri paylaşdığı çat proqramı qrupunun lideri olduğunu vurğulayır.

Associated Press xəbər agentliyinə danışan və istintaq davam etdiyi üçün adlarını açıqlamayan mənbələr şübhəlinin kəşfiyyat mütəxəssisi olduğunu bildirir.

Şikayətdə deyilir ki, əvvəlcə məxfi materialların mətnlərinin fotoşəkilləri yerləşdirən Teyşeyra daha sonra "iş yerində mətnləri köçürərkən tutula biləcəyindən" ehtiyat edərək, sənədlərin fotoşəkillərini yerləşdirib.

Bildirilir ki, sənədlərdən birində "Rusiya-Ukrayna münaqişəsində durum, o cümlədən qoşunların hərəkəti" təsvir edilir.

Şikayətə əsasən, material "Tam məxfi/həssas məlumat" və ya TS/SCI kimi tanınan ən yüksək səviyyəli təsnifata malik olub.

Onları nəzərdən keçirən bir neçə xəbər agentliyi digər sənədlərdə ABŞ-ın müttəfiqləri və düşmənləri üzərində necə casusluq etdiyinə dair çox həssas məlumatlar olduğu bildirib.

Teyşeyranın hərbçi ailəsindən olduğu deyilir.

Şikayətə görə, o, 2019-cu ildə Milli Hava Qvardiyasına qoşulub və 2021-ci ilin may ayından Massaçusetsdəki Otis Hərbi Hava Qüvvələri bazasında çalışıb. Kibermüdafiə əməliyyatlarında o, ən yüksək təhlükəsizlik icazəsinə sahib olub.

Şikayətdə deyilir ki, o, həmçinin "digər yüksək məxfi proqramlara [SCI] Məxfi Məhdud Girişə malik olub".

FTB keçən həftənin sonundan bəri sızma ilə bağlı "aktiv şəkildə təhqiqat aparıldığını" bildirib.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG