Böyük Yeddilik qrupunun xarici işlər nazirləri çərşənbə axşamı Yaponiyadakı görüşlərini baş çatdırarkən Rusiyanın Ukraynada müharibəsini pisləyib və qlobal problemlərin həlli üçün Çinlə əlaqə saxlamağın vacibliyini vurğulayıb.
İqlim dəyişikliyi və qlobal sağlamlıq təhlükəsizliyi kimi məsələlərdə Çin ilə işləməyin vacibliyini qeyd edən nazirlər Çinin Şərqi və Cənubi Çin dənizlərindəki hərəkətləri və Tayvana qarşı mövqeyi ilə bağlı birgə kommünikedə narahatlıqlarını ifadə edib.
"Biz beynəlxalq ictimaiyyətdə təhlükəsizlik və rifahın əvəzsiz elementi kimi Tayvan boğazı boyunca sülh və sabitliyin vacibliyini bir daha təsdiqləyirik və boğazlararası məsələlərin sülh yolu ilə həllinə çağırırıq"- deyə, nazirlər bildirib.
ABŞ Dövlət katibi Antoni Blinken Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyadan olan həmkarları ilə danışıqlarda Çinlə bağlı narahatlıqlar və bu narahatlıqların aradan qaldırılması üçün görülən işlərlə bağlı "ortaq düşüncələr" olduğunu bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin jurnalistlərə bildirib ki, G-7 kommünikesi Çinin daxili işlərinə kobud şəkildə müdaxilə də daxil olmaqla, ölkəyə qarşı şər-böhtan mahiyyəti daşıyır.
Blinken jurnalistlərə deyib ki, dayanmış ABŞ-Çin müzakirələri ilə bağlı Birləşmiş Ştatlar “kommunikasiya xətlərinin olması, əlaqələri canlandıran genişmiqyaslı məsələlərlə məşğul olmaq imkanının vacib olduğuna” inanır.
Blinken gözləntisinin bu istiqamətdə irəliləyə biləcəyini, lakin bunun Çinin öz niyyətlərini açıq şəkildə bildirməsini tələb etdiyini deyib.
G-7 nazirləri öz kommünikelərində “Rusiyaya qarşı sanksiyaları gücləndirməyə” sadiq olduqlarını, eyni zamanda Rusiyanın və digərlərinin bu tədbirlərdən yayınmamasını təmin etmək üçün koordinasiya qurduqlarını bildirib. Onlar, həmçinin Rusiyaya nüvə və ya kimyəvi silahdan istifadə etməmək barədə xəbərdarlıq edib və Rusiyanın Zaporijye Atom Elektrik Stansiyasını işğal etməsini pisləyib.
"Rusiya Ukraynadan bütün qüvvə və texnikasını dərhal və qeyd-şərtsiz çıxarmalıdır. Biz bu gün Ukraynaya lazım olan müddətdə dəstək verməyi və Ukraynaya özünü müdafiə etmək, azad və demokratik gələcəyini təmin etmək və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün davamlı təhlükəsizlik, iqtisadi və institusional dəstək verməyə söz verdik” , nazirlər bildirib.
İrana gəlincə, G-7 nazirləri İranın “sabitliyi pozan fəaliyyətlərini davam etdirməsindən” narahat olduqlarını bildirib və İranı Rusiyanı Ukraynada hücumlar üçün istifadə etdiyi pilotsuz təyyarələrlə təminatının dayandırmağa çağırıb.
G-7 nazirləri, həmçinin Əfqanıstan və ölkənin Talban liderləri ilə bağlı narahatlıqlarını ifadə edərək, “Talibanın qadın və qızların insan haqlarını sistematik şəkildə pozmasını, dini və etnik azlıqların nümayəndələrinə qarşı ayrı-seçkiliyini pislədiklərini” bildirib.