Qəzvin vilayətinin mərkəzi Qəzvin şəhərində tibb bacıları və səhiyyə sektorunun digər işçiləri növbəti aksiya keçiriblər.
Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, bu, Qəzvin səhiyyə çalışanlarının keçən bir ay ərzində təşkil etdikləri 7-ci mitinqdir.
Səhiyyə işçiləri ən son aprel ayının 17-də Qəzvin valiliyinin önündə toplaşıb.
Aksiyaya qatılanlar tibb bacısı xidmətlərinin ədalətsiz tarif qanununa etiraz bildirmək üçün toplaşdıqlarını söyləyiblər.
"Qəzvinli tibb bacıları soruşur ki, niyə bizim işimizin pulu başqalarının cibinə gedir? Onlar deyir ki, Səhiyyə və Tibbi Təhsil Nazirliyi bütün etirazlara rəğmən bu günə qədər bizim tələblərimizə bir cavab verməyib. Biz tarif qanunu nizamnaməsinin ən qısa zamanda ləğv edilməsini və tibb bacılarının həqiqi nümayəndələrinin iştirakı ilə ədalətli bir nizamnamənin hazırlanıb elan edilməsini gözləyirik" , agentliyin xəbərində bildirilib.
İranın müxtəlif vilayətlərində çalışan tibb bacıları aylardır ki, tibb bacısı xidmətlərinin tarif qanununun tam icrasını tələb edirlər. Onlar həmçinin müvəqqəti müqavilələrin dayandırılmasını və tibb bacılarının istismarına son verilməsini istəyir. Səhiyyə işçiləri əlavə olaraq xəstəxalanaların iş yükünü azaltmaq üçün daha çox tibb bacısının işə götürülməsini tələb edirlər.