Accessibility links

Meksikadan keçən miqrantlar yol blokadaları ilə hədələyir


Meksikanın cənubunda kütləvi etiraz aksiyası keçirən təxminən 3000 miqrant bazar ertəsi hökumət danışıqlara razılıq verməsə və ya onları avtobuslarla təmin etməsə yolları bağlayacaqları və ya özlərinə zərər verəcəkləri ilə hədələyib.

Miqrantlar bazar günü Qvatemala sərhədi yaxınlığındakı Tapaçula şəhərindən piyada yola düşüb və bazar ertəsi təxminən 25 kilomet uzaqlıqdakı Huehuetan şəhərinə çatıb. Miqrantlar keçən ay yanğın baş verən və 40 miqrantın ölümünə səbəb olan təcridxanaların bağlanmasını istəyir.

Etiraz təşkilatçısı İrineo Mujika deyib ki, miqrantlar hökuməti danışıqlara razılıq verməyə məcbur etmək üçün özlərinə ziyan verməyə və ya magistral yolları bağlamağa başlayacaq. Onlar, həmçinin çıxış vizası və ya ABŞ sərhədinə çatmağa imkan verən digər sənədlər də tələb edir.

Miqrant karvanı fenomeni illər əvvəl fəalların miqrantların çətinliklərini və ehtiyaclarını dramatikləşdirmək üçün Müqəddəs Həftədə - çox vaxt dini mövzuda - yürüşlər təşkil etməklə başlayıb. 2018-ci ildə onlar ABŞ sərhədinə qədər səyahət edib.

Builki kütləvi yürüş Müqəddəs Həftə bitdikdən sonra başlayıb. Pueblos Sin Fronteras qrupunun lideri Mujica bunu "Viacrucis" və ya Xaç Yürüşünün stansiyaları adlandırıb və bəzi miqrantlar taxta xaçlar daşıyıb. Müqəddəs Həftə yürüşlərində bəzən özünü budaqlarla və ya başqa əşyalarla döymək tətbiq olunur.

İstilik və Mexikoya 750 mil (1200 kilometr) piyada getməyin çətinliyini və miqrantların çoxunun uşaq arabalarında körpə daşıdığını nəzərə alaraq, onlar avtobusların onları paytaxta aparmasını istəyir.

Miqrantlar Mexikoya yol alsalar da, əvvələr bu cür aksiyaların bir çox iştirakçısı ABŞ-a keçməyə çalışıb. Sərhəd demək olar ki, həmişə onların məqsədi olub.

Miqrantlar əsasən Mərkəzi Amerika, Kuba, Venesuela, Ekvador və Kolumbiyadan olan insanlardır.

Honduraslı miqrant Raul Qomez Rodrige deyib ki, "Hökumətdən xahiş edirik ki, uşaqlar üçün su və yemək olsa belə, bizə kömək etsin. Bizə avtobuslar verməlidirlər ki, davam edə bilək."

Bu günə qədər Meksika səlahiyyətliləri Tapaçulada on minlərlə miqranta yardım məqsədi ilə sənədləşmə məhdudiyyətlərindən və magistral keçid məntəqələrindən istifadə edərək, onların ABŞ sərhədinə getmələrini çətinləşdirib.

Kubalı miqrant Ariel Arias Milan etiraza səbəb kimi Tapaçuladakı və 27 martda alovlanan Texas ştatının El Paso şəhəri ilə sərhəddə yerləşən Ciudad Juarezdəki kimi hökumət saxlama mərkəzlərindəki şəraiti göstərib. 40 miqrantın ölümünə səbəb olan yanğın bir miqrantın güman edilən transferlərə etiraz olaraq döşəkləri yandırmasından sonra başlayıb. Yanğın qısa zamanda obyekti tüstü ilə doldurub. Miqrantlar oradan buraxılmayıb.

Miqrantlar, xüsusən də qaçaqmalçılara pul ödəyə bilməyən yoxsullar, ABŞ sərhədinə çatmaq üçün tez-tez belə kütləvi yürüş və ya karvanlardan istifadə edir.

Etirazçılar xüsusilə Meksikanın Milli İmmiqrasiya İnstitutunun təzyiqlərindən şikayətlənir.

Meksika prokurorları martın 27-də baş verən yanğına görə immiqrasiya agentliyinin yüksək səviyyəli məmuru Fransisko Qardunoya qarşı ittiham irəli sürəcəklərini bildirib. Onun aprelin 21-də məhkəmə qarşısına çıxması planlaşdırılır.

Federal prokurorlar Qardunonun agentliyinin saxlanma mərkəzlərində problemlərin olduğunu bildirməsinə baxmayaraq, Ciudad Juarezdəki fəlakətin qarşısını almaqda lazımi tədbirlər görmədiyini deyib.

Prokurorlar bildirib ki, hökumət yoxlamaları immiqrasiya institutunda "məsuliyyətsizlik və təkrar nöqsanlar" aşkar edib. Milli İmmiqrasiya İnstitutunun altı məmuru, mərkəzin mühafizəçisi və yanğını törətməkdə ittiham olunan venesuelalı miqrant artıq adam öldürmə ittihamı ilə həbsdədir.

XS
SM
MD
LG