Rusiya Norveçin Moskvadakı səfirliyinin və müdafiə məsələləri üzrə attaşe ofisinin on əməkdaşını persona non-qrata (arzuolunmaz) elan edib. Onlar tezliklə ölkəni tərk edəcək. Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Nazirlik qeyd edib ki, bu qərar Norveç hökumətinin təşəbbüsü ilə Rusiyanın Oslodakı səfirliyindən 15 diplomatı və hərbi attaşe əməkdaşlarının ölkədən çıxarılmasına cavab olaraq verilib.
"Bu addım artıq kritik dərəcədə aşağı səviyyədə olan ikitərəfli münasibətləri daha da gərginləşdirib" - deyə, Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlik, həmçinin bildirib ki, "Oslonun qeyri-dost addımları ilə bağlı tədbirlər də görüləcək. Buraya Norveçin diplomatik missiyaları tərəfindən Rusiya vətəndaşları arasından seçilən kadrların işə götürülməsinə məhdudiyyətlərin tətbiqi də daxildir".
Aprelin 13-də Norveç Rusiya səfirliyinin diplomatik statusu ilə bir araya sığmayan, kəşfiyyat fəaliyyəti ilə məşğul olan 15 əməkdaşını persona non-qrata elan edib. Nazirlik səfirlik işçilərinin ölkədən çıxarılmalarına səbəbin "Avropada dəyişmiş təhlükəsizlik vəziyyətinə cavab" və bunun Rusiya kəşfiyyatının fəaliyyətinin artması olduğunu bildirib.
Öz növbəsində Norveçin xarici işlər naziri Anniken Huitfeldt ölkəsinin Rusiya ilə normal diplomatik münasibətləri saxlamağa çalışdığını və rusiyalı diplomatların Norveçdə xoş qarşılanan qonaqlar olduqlarını bildirib.
"Bu gün gördüyümüz tədbirlər arzuolunmaz kəşfiyyat fəaliyyətinin azaldılmasına yönəlib. Biz Rusiyanın Norveçdə diplomatik missiyasını davam etdirməsini istəyirik, lakin diplomatik missiyadan sui-istifadəyə imkan verməyəcəyik" - deyə, nazir əlavə edib.
Oslo ilə Moskva arasında gərginliyin artması Arktika regionu ölkələrinin beynəlxalq "Arktika Şurası" forumunun işini çətinləşdirə bilər. Hazırda təşkilatın sədri Moskva olsa da, mayın 11-də Norveçin səlahiyyətləri ələ alması planlaşdırılır.