Accessibility links

Ukraynada son baş verənlər: Krımda yanacaq anbarı və müharibə cinayətlərinin cəzalandırılması


Ukrayna müharibəsində son baş verənlər:

  • Britaniya Müdafiə Nazirliyinə əsasən, Rusiya Ukraynadakı qoşunlarının intizamı ilə bağlı vəziyyəti düzəltmək üçün “sərt təşəbbüslər” irəli sürüb.
  • Zelenski müsahibəsində deyib ki, ruslar Kyivdəki qərargaha hücum edərlərsə, o, “ölümə qədər” döyüşəcək: “Mən atəş açmağı bacarıram”.
  • Macarıstana səfəri zamanı Roma Papası Fransis ukraynalı qaçqınlarla danışaraq, millətçi hökumətin mühacirət əleyhinə sərt siyasətlər həyata keçirdiyi ölkədə xeyriyyəçilik mədəniyyətinin formalaşmasına çağırış edib.
  • Zelenski bildirib ki, Ukrayna əks-hücumu ABŞ-ın F-16-ları olsa da, olmasa da tezliklə həyata keçirəcək.

Böyük Britaniyanın Müdafiə Nazirliyi bazar günü paylaşdığı növbəti kəşfiyyat məlumatında bildirib ki, Rusiya Ukraynadakı qoşunlarının intizamı ilə bağlı vəziyyəti düzəltmək üçün “sərt təşəbbüslər” irəli sürüb.

Twitter-də paylaşılan məlumatda deyilir ki, Rusiya komandirləri son aylarda əsgərləri intizam pozuntularına görə cəzalandırmaq üçün onları “zindan” adlandırdıqları metal barmaqlıqlarla örtülmüş quyularda yerləşdirməyə başlayıblar.

Nazirlik bildirib ki, bu yaxınlarda müqavilələrinə xitam verməyə cəhd və sərxoşluq kimi əməllərə görə zindanlara yerləşdirildiklərini bildirən şəxslər haqda məlumatlar var.

Buna bənzər tədbirlər payızda başlasa da, yanvar ayında Baş Qərargah rəisi Valeri Gerasimov əməliyyata nəzarət etməyə başlayandan bəri daha da sərtləşdi.

Ukraynanın pilotsuz təyyarəsi şənbə günü Krımın yanacaq anbarına zərbə endirib. Bu, prezident Vladimir Zelenski Rusiyanın cümə günü Uman şəhərinə endirdiyi ölümlə nəticələnən zərbədən sonra “terror dövləti və onun bütün hərbi cinayətkarlarının cəzalandırılacağını” vəd etməsindən sonra baş verib.

Şənbə günü gecə videomüraciətində Zelenski bildirib ki, Ukrayna Rusiya və onun tərəfdaşlarının Ukraynaya qarşı törədilmiş hərbi cinayətlərə görə cavab verməsi üçün mümkün olan hər şeyi edəcək.

Cümə günü Umana qarşı hava zərbələrinə işarə edərək Zelenski deyib ki, “bu cür raket hücumlarını hazırlayan hər kəs bilməyə bilməz ki, o, qətldə iştirakçı olacaq”. O, tezliklə Rusiyanın hərbi cinayətlərinə qarşı tribunal yaradılacağını əlavə edib.

Xilasedicilər Umanda iki rus raketinin yaşayış binasını vurmasından sonra dağıntılar altında sağ qalanların axtarışını başa çatdırıblar. Partlayış nəticəsində 27 mənzil və 33 avtomobil məhv olub.

Ukraynanın daxili işlər naziri İqor Klimenko şənbə günü bildirib ki, xilasedicilər dağıntılar altından 22 cəsəd çıxarıb, bir nəfər isə daha sonra xəstəxanada vəfat edib. Ölənlər arasında üç oğlan və üç qız olmaqla altı uşaq da var. İki qadın itkin düşüb. Doqquz nəfər xəsarət alıb. Dağıntılar altından ümumilikdə 17 nəfər xilas edilib.

Dneprdə hava zərbələri nəticəsində 2 yaşlı uşaq və anası həlak olub.

Moskva hədəfinin Ukraynanın ehtiyat qoşunları olduğunu və uğurlu zərbələr vuraraq onların cəbhə xəttinə çatmasına mane olduğunu iddia edib. Reuters xəbər agentliyi bildirir ki, Rusiya bunu təsdiqləyən heç bir sübut təqdim etməyib.

Krım hücumu

Rusiya Ukraynanı şənbə günü səhər saatlarında Rusiyanın işğalı altında olan Krımın liman şəhəri Sevastopolda yanacaq anbarını yanması ilə nəticələnən pilotsuz təyyarə hücumunda ittiham edib. Moskva tərəfindən təyin edilmiş qubernator Mixail Razvojayevun Telegram vasitəsilə bildirib ki, yanğın söndürülüb.

Razvojayev yanğının Sevastopolda yanacaq təchizatına təsir etməyəcəyini və xəsarət alanların olmadığını bildirib. Onun sözlərinə görə, daha bir pilotsuz təyyarə vurulub və onun qalıqları sahildə yanacaq terminalının yaxınlığında tapılıb.

Bununla belə, Ukrayna hərbi kəşfiyyatının rəsmisi Andriy Yusov təxminən 40,000 metrik ton tutumlu 10-dan çox çənin məhv edildiyini bildirib. Onun sözlərinə görə, çənlərdə Rusiyanın Qara dəniz donanması üçün nəzərdə tutulan neft məhsulları olub. Bu barədə RBC Ukrayna xəbər verir.

Yusov Ukraynanın hücuma görə məsuliyyət daşıdığını bildirməyib. Əvəzində o, bunun Rusiyanın cümə günü Umana vurduğu zərbələrə görə "allahın cəzası" olduğunu söyləyib.

Reuters xəbər verir ki, Ukraynanın Sevastopol qədər uzaq hədəflərə çata bilən raketləri yoxdur, amma ölkə uzun məsafələrə uça bilən pilotsuz təyyarələr üzərində çalışır.

Ukraynanın əks hücumu

Zelenski şənbə günü Skandinaviya mediasına müsahibəsində deyib ki, “əks-hücum baş tutacaq və düşünürəm ki, o, uğurlu olacaq”.

“The Kyiv Independent” yazır ki, Ukrayna lideri əks-hücumun ABŞ-ın F-16 qırıcıları olsa da, olmasa da həyata keçiriləcəyini deyib.

Ukrayna rəsmiləri əks-hücum yaxınlaşdıqca dəfələrlə daha çox döyüş təyyarəsi istəyiblər. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba cümə axşamı Twitter-də yazıb ki, Ukraynaya F-16-ların verilməsi Rusiya təhrik yox, məhdudlaşdıracaq.

XS
SM
MD
LG