İranın İnqilab Məhkəməsinin Təbriz şöbəsi tələbə fəal İbrahim Əhmədpuru "İslam Respublikası nizamına qarşı milliyyətçilik təbliğatı" aparmaq ittihamı ilə mühakimə edir. Fəalın ittihamı məhkəmənin göndərdiyi çağırış vərəqəsində dərc edilib.
Təbriz Universitetinin siyasi elmlər tələbəsindən may ayının 10-da Təbriz İnqilab məhkəməsinin 1-ci şöbəsinə müraciət etməsi tələb edilib.
Amerikanın Səsinin də surətini əldə etdiyi çağırış vərəqəsində yazıb ki, "İslam Respublikası nizamına qarşı milliyyətçilik təbliğatı aparmaq ittihamına dair sizə qarşı olan şikayətlə əlaqədar müəyyən edilmiş tarixdə bu şöbədə hazır olun".
Tələbənin Təbriz Universitetində göstərdiyi mədəni fəaliyyətləri səbəbilə "nizama qarşı təbliğat" ittihamı ilə üzləşdiyi bildirilir.
İbrahim Əhmədpur keçən fevral ayının son günlərində İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı. O, bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb. Əhmədpur 400 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, türk fəal təhlükəsizlik qurumunun nəzarətində qaldığı müddətdə işgəncəyə məruz qalıb.