Accessibility links

Almaniyadan readmissiya olunan Pünhan Kərimli ona bəraət verilməsini istəyir


Almaniyadan Azərbaycana qaytarıldıqdan sonra həbs olunan Pünhan Kərimlinin atası Vahid Kərimov.
Almaniyadan Azərbaycana qaytarıldıqdan sonra həbs olunan Pünhan Kərimlinin atası Vahid Kərimov.

Mayın 2-də Ali Məhkəmədə Almaniyadan Azərbaycana readmissiya olunandan bir qədər sonra narkotik ittihamı ilə həbs olunanlardan biri - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimlinin işinə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona 6 il həbs cəzası verilib, daha sonra Apellyasiya Məhkəməsi bu müddəti 1 il azaldıb. Pünhan Kərimli narkotik ittihamının saxta olduğunu bildirir, ona bəraət verilməsini tələb edir. Ali Məhkəməyə kassasiya şikayətində də bəraətverici əsaslarla barəsindəki cinayət işinə xitam verilməsini istəyib.

Hakim Rəşad Abdulovun sədrlik etdiyi iclasda Pünhan Kərimlinin vəkili Cavad Cavadov bildirib ki, müvəkkili haqqında cinayət işi əsassızdır. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə irəli sürülmüş ittihamları təsdiqləyən heç bir sübut-dəlil yoxdur. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmü çıxarıb, apellyasiya da onu qüvvədə saxlayıb.

Vəkil çıxışının sonunda müvəkkili haqqında cinayət işinə xitam verilməsini istəyib, onun təqsirsiz olduğunu deyib.

Prokuror isə əksinə, kassasiya şikayətinin əsassız olduğunu deyib və onun təmin edilməməsini istəyib.

Hakimlər işi ətraflı öyrənmək üçün məhkəmə prosesini mayın 16-na qədər təxirə salıb.

Pünhan Kərimlinin sözlərinə görə, o, siyasi baxışlarına, sosial şəbəkələrdə hökumət əleyhinə tənqidi fikirlərinə və Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulmasıyla əlaqədar keçirilən etiraz aksiyalarında iştirakına görə cəzalandırılıb.

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" saziş 2014-cü ildə imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.

2022-ci ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunub.

Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG