Accessibility links

RATİ: Azərbaycan hakimiyyətini ifadə azadlığı üçün təhlükəsiz mühiti təmin etməyə çağırırıq


RATİ-nin plakatı (Arxiv foto, Mənbə: VOA)
RATİ-nin plakatı (Arxiv foto, Mənbə: VOA)

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hakimiyyətini mətbuat azadlığına artan təzyiqlərinə görə qınayır və ölkədə ifadə azadlığı üçün təhlükəsiz mühiti təmin etməyə çağırır.

3 may - Beynəlxalq Mətbuat Azadlığı Günündə RATİ hakimiyyəti qondarma və siyasi motivli ittihamlarla həbs edilmiş jurnalist və blogerlər Elçin Məmməd, Bəxtiyar Hacıyev, Abid Qafarov, Əvəz Zeynallı, Elnur Şükürov, Rəşad Ramazanov, Polad Aslanov, Aslan Qurbanov, Osman Rzayev, Elvin İsayev, Maqsud Mahmudov və müxalifətçi Əli Əliyevi (böhtan ittihamı ilə həbs edilib) dərhal həbsdən azad etməyə çağırır.

RATİ, həmçinin Azərbaycan hakimiyyətini xaricdəki tənqidçiləri təqib etməyi dayandırmağa və müqaviləli hücumlar və blogerləri öldürməyə cəhd praktikasından əl çəkməyə çağırır, məsələn, Məhəmməd Mirzəlinin işində olduğu kimi Fransada ona qarşı 3 sui-qəsd cəhdi olub.

RATİ Azərbaycan hakimiyyətini mətbuat azadlığı və informasiya əldə etmək azadlığı sahəsində qanunvericiliyi liberallaşdırmağa və media haqqında yeni repressiv qanuna moratorium qoymağa çağırır.

"Azərbaycan hakimiyyəti media haqqında yeni qanun qəbul etməlidir, plüralizmin gücləndirilməsinə və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinə üstünlük verərək, onların fəaliyyətini məhdudlaşdırmamalıdır", RATİ-nin icraçı direktoru Emin Hüseynov belə hesab edir.

2022-ci ilin fevralında jurnalist Əvəz Şıxməmmədovun (Əvəz Hafizli) qətlə yetirilməsi ilə bağlı şəraiti nəzərə alaraq RATİ jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığın yüksək səviyyədə davam etdiyini etiraf edir və hakimiyyəti jurnalistlər Əvəz Şıxməmmədovun, Rasim Əliyevin, Rafiq Tağının, Novruzəli Məmmədovun, Alim Kazımlının və Elmar Hüseynovun qətlini yenidən araşdırmağa çağırır.

RATİ, həmçinin təəssüf edir ki, hakimiyyət jurnalistlərə qarşı qeyri-qanuni telefon dinləmələri və izləmə ilə bağlı çoxsaylı cinayətləri, xüsusən də PEGASUS cəsus proqram təminatından istifadə etməklə 100-dən çox jurnalistin və hüquq müdafiəçisinin izləniməsinin effektiv araşdırmasını aparmaqdan imtina edir.

RATİ hakimiyyət tərəfindən vaxtaşırı səsləndirilən tənqidçilərin fərqli fikirlərinə qarşı nifrət nitqini qətiyyətlə pisləyir.

Xüsusən də RATİ bu yaxınlarda, Azərbaycan parlamentinin bu il aprelin 25-də plenar iclası zamanı hakim Yeni Azərbaycan Partiyasının RATİ-nin həmtəsisçisi, tanınmış araşdırmaçı jurnalist Mehman Hüseynova qarşı hücumlarından dərin narahatdır.

İctimai əhəmiyyətli məlumatları yayan müstəqil medianın öz iqtisadi təhlükəsizliyini və davamlılığını təmin edə bilmədiyi Azərbaycanda mətbuat azadlığı ilə bağlı Avropa Şurasına üzv olan ölkə üçün qəbuledilməz repressiv mühiti nəzərə alaraq RATİ beynəlxalq tərəfdaşları və donorları, xüsusən də Avropa İttifaqı və Avropa Şurasını müstəqil Azərbaycan mediasına, jurnalistlərə və jurnalist təşkilatlarına institusional dəstəyi gücləndirməyə çağırır, onlarsız bir çoxları öz mövcudluğunu davam etdirə bilməyəcək.

Öz növbəsində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Amerikanın Səsinə bildirib ki, bu gün informasiya məkanının genişləndiyi bir məqamda söz azadlığının məhdudlaşdırılmasından danışmaq cığallıqdır.

"Bu, real deyil. İndi hədsiz genişlənən informasiya məkanı var. Belə demək mümkündürsə, bəzən hətta peşəkarlar küncə sıxışdırılır, jurnalistikanın yeni növləri meydana çıxır. Bu baxımdam əlbəttə, mən bir az xaotik vəziyyətdən şikayətçiyəm", o qeyd edib.

Mətbuat Şurasının sədri həm də Prezident yanında Əfv məsələləri komissiyasının üzvüdür.

"Orada da birdən ayrı-ayrı müraciətlərin içərisində jurnalist fəaliyyəti ilə məşğul olnların da müraciəti olur. Düzü bir neçə belə hala rast gələndə mən axtardım-araşdırdım, hətta bu sahədə ən məlumatlı insanlardan sorğuladım ki, belə bir qəzet və yaxud belə bir jurnalist tanıyırsınızmı? Ona görə də indi bilirsiniz, bir çox dələduzlar məhz jurnalist adı altında pərdələnərək öz cinayətkar niyyətlərini həyata keçirirlər. Bunların hamısına jurnalist demək mənə elə gəlir ki, özümüzün peşəmizə hörmət baxımından da düzgün deyil. Mətbuat Şurası olaraq heç vaxt əsl peşəkar jurnalsitin həbsdə olmasını arzulamırıq. Buna qarşıyıq", Rəşad Məcid jurnalistlərin həbsdə olması ilə bağlı sualın cavabında deyib

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG