Ağ Ev Rusiya heç bir sübut olmadan ABŞ-ın zərbə əmri verdiyini və bunu Ukraynanın həyata keçirdiyini iddia etdikdən sonra Kremlə pilotsuz təyyarə hücumunda Birləşmiş Ştatların əli olmadığını bildirib.
Ağ Ev Rusiyanın iddia etdiyi Ukraynanın Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi kimi Kremlə pilotsuz təyyarə hücumunu araşdırdığını deyir.
"Sizə dəqiq deyə bilərəm ki, cənab Peskovun yalanlarına zidd olaraq Birləşmiş Ştatlar bu insidentdə heç bir şəkildə iştirak etməyib. Onlar belədir, sadəcə yalan” - deyə, Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
Kremlin sözçüsü Dmitri Peskov Kyiv və Vaşinqtonu günahlandırsa da, onların hücumda əli olduğuna dair heç bir sübut təqdim etmədiyib.
"Həm Kyivin, həm də Vaşinqtonun bunu inkar etmək cəhdləri əlbəttə ki, tamamilə gülüncdür. Biz çox yaxşı bilirik ki, bu cür hərəkətlər, terror aktları ilə bağlı qərarlar Kyivdə deyil, Vaşinqtonda verilir. Kyiv də ona deyiləni edir".
Ukrayna prezidenti Volodimir Zelenski Haaqa Beynəlxalq Cinayət Məhkəməsini Putinə qarşı hərbi cinayətlərin araşdırılmasına çağırıb. O, Ukraynanın Kremlə belə bir zərbə endirməklə deyil, özünü Rusiyanın hücumlarından qorumaqla məşğul olduğunu deyib.
"Biz Putinə və ya Moskvaya hücum etmirik. Biz öz ərazimizdə döyüşürük, kəndlərimizi və şəhərlərimizi müdafiə edirik. Bilirsiniz, bunun üçün kifayət qədər silahımız yoxdur".
Brüsseldə Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrell Moskvaya xəbərdarlıq edib.
"Biz Rusiyanı bu iddia edilən hücumdan müharibənin eskalasiyasını davam etdirmək üçün bəhanə kimi istifadə etməməyə çağırırıq. Bizi narahat edən budur".
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, bütün tərəflər "vəziyyəti daha da gərginləşdirə biləcək hər bir hərəkətdən çəkinməlidir".
Dövlət katibi Antoni Blinken Pekinin Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün vasitəçilik təklifi ilə bağlı suala cavab olaraq deyib ki, ABŞ ədalətli və davamlı sülh yolunda istənilən ölkənin səylərini alqışlayır.
"Bir neçə şeydən başlamaq lazımdır. Birincisi, bu vəziyyətdə qurban və təcavüzkarır olduğu aydın məsələdir. İki mövqe arasında heç bir mənəvi bərabərlik yoxdur. Deməliyəm ki, son vaxtlara qədər Çinin bu əsas prinsipi qəbul edib-etmədiyi aydın deyil. Mən hələ də əmin deyiləm ki, onlar bunu edirlər, amma heç olmasa prezident Si indi prezident Zelenski ilə danışıb".
Çin hələlik Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırmayıb.