Accessibility links

Britaniya Ukraynada müharibənin Rusiyada işçi qüvvəsi çatışmazlığına səbəb olduğunu bildirir


Ukrayna hərbçiləri Donetsk vilayətinin Soledar şəhəri yaxınlığında cəbhə xəttində Rusiya qüvvələrinə D-30 haubitsasından atəş açıblar, 6 may 2023.
Ukrayna hərbçiləri Donetsk vilayətinin Soledar şəhəri yaxınlığında cəbhə xəttində Rusiya qüvvələrinə D-30 haubitsasından atəş açıblar, 6 may 2023.

Böyük Britaniyanın Müdafiə Nazirliyi bazar günü Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Twitter səhisəfində açıqlanan yenilənmiş kəşfiyyat məlumatında Rusiyanın son onilliklərin ən pis işçi qüvvəsi çatışmazlığı problemlərindən biri ilə üzləşdiyini və bunun qismən Ukraynada müharibə ilə əlaqədar olduğunu bildirib.

Rusiya Mərkəzi Bankının son üç ildə keçirdiyi sorğuda Rusiya əhalisinin gözləniləndən 2 milyon nəfər çox azaldığı müəyyən edilib. Məlumatda bunun Ukraynada müharibə və COVID pandemiyası ilə bağlı olduğu bildirilir.

Eyni zamanda, Vaqner Qrupunun rəhbəri Yevgeni Priqojin bazar günü bildirib ki, Rusiya onun muzdlularını Ukraynada döyüşmək üçün lazım olan bütün sursatla təmin edəcəyinə söz verib. Priqojin bundan öncə döyüşçülərini Baxmutdan geri çəkdiyini demişdi. Lakin o indi döyüşçülərinin Baxmutu müdafiə etmək üçün “lazım olan hər şeyə” sahib olacağını bildirir.

Priqojin həmçinin mayın 9-dan dərhal sonra işğal olunmuş ərazilərə nəzarətin Kremlyönlü Çeçenistan lideri Ramzan Kadırova verilməsini təklif edib.

Mayın 6-dan 7-nə keçən gecə Rusiyanın gözlənilməz bombardmanları və Baxmut uğrunda gedən döyüşlər fonunda Ukraynanın bir çox bölgələrində hava hücumu xəbərdarlığı edilib.

Ukrayna rəsmiləri şənbə günü axşam paytaxt Kyiv, qərbdən şərqə qədər bölgələr, cənubda Xerson vilayəti və Rusiya tərəfindən ilhaq edilmiş Krıma qədər ölkənin təxminən üçdə ikisini əhatə edən ərazilərdə hava hücumu xəbərdarlığı elan ediblər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 7-də səhər mesajında xəbərdarlıq edib ki, “Ukrayna ərazisinə raket və hava zərbələri endirmə ehtimalı kifayət qədər yüksək olaraq qalır”.

Baş Qərargah Rusiya qüvvələrinin “əsas səylərini” Donetsk vilayətinin şərqində Liman, Baxmut, Avdiyivka və Maryinka rayonlarına yönəltdiyini və “Baxmut və Maryinka şəhərləri uğrunda ağır döyüşlərin” getdiyini bildirib.

Rusiya rəsmiləri gecə saatlarında Rusiyanın ilhaq etdiyi Krım üzərində Ukrayna dronunun hücumunu dəf etdiklərini bildiriblər.

XS
SM
MD
LG