Ağdaş rayonunda ictimai fəal Nüsrət Həsrətli mayın 12-də saxlanılıb və Facebook səhifəsində tənqidi qeydləri silindikdən sonra sərbəst buraxılıb.
Bu barədə Nüsrət Həsrətli özü Amerikanın Səsinə deyib.
Həsrətlinin sözlərinə görə, onu yerli polis şöbəsinə aparıblar.
"Orada mənə dedilər ki, Facebook səhifəmdəki hökumətin tənqidi ilə bağlı statuslarımı silim. Mən isə dedim ki, yazacam. Polis şöbəsində mobil telefonumu əlimdən aldılar və bütün yazdıqlarımı sildilər. Statuslarımda əfv sərəncamı, hökumətin iqtisadi siyasəti, keçmiş MTN generallarının azadlığa buraxılması ilə bağlı tənqidi qeydlərim var idi. Orada məni bir neçə saat saxladıqdan sonra sərbəst buraxdılar", o, Amerikanın Səsinə deyib.
Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildiriblər ki, Ağdaş rayon sakini Nüsrət Həsrətli daxil olmuş müraciət əsasında polis şöbəsinə dəvət edilib və profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.
"Onun saxlanılmasında siyasi motiv yoxdur", regional qrupun əməkdaşı qeyd edib.
Nüsrət Həsrətli Azərbaycan Milli İstiqlal Partiyasının Ağdaş təşkilatının uzun müddət sədri olub. Son dövrlər siyasi fəaliyyətlə məşğul olmasa da, ictimai-siyasi fəalların siyasi məhbuslara azadlıq tələbi ilə keçirdiyi aclıq aksiyalarında iştirak edib.