Accessibility links

Azərbaycan Milli Məclisinin deputatları NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edəcək


Azərbaycan NATO Parlament Assambleyasının sessiyasında iştirak edir (Foto NATO yanında Nümayəndəliyindir)
Azərbaycan NATO Parlament Assambleyasının sessiyasında iştirak edir (Foto NATO yanında Nümayəndəliyindir)

Azərbaycan Milli Məclisinin deputatları Lüksemburq şəhərində keçiriləcək NATO Parlament Assambleyasının (NATO) yaz sessiyasında iştirak edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatına görə, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, nümayəndə heyətinin üzvləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev mayın 19-da bu məqsədlə Lüksemburqa səfər edəcək.

NATO Parlament Assambleyasının yaz sessiyasında transatlantik iqtisadi münasibətlərin və dayanıqlığın yenidən qurulması, ərzaq təhlükəsizliyi və münaqişələr, NATO-nun açıq qapı siyasətinin gələcəyi və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.

Azərbaycan-NATO əlaqələri

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il 3-4 mayda Azərbaycanın mərhum prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1997-ci ilin noyabr ayının 14-də prezident Heydər Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalayıb.

Azərbaycanın 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.

Azərbaycan Respublikası və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında hərbi əməkdaşlıq da davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən istifadə edir.

Bu il mayın 16-da NATO və Azərbaycan arasında yeni Daimi Nümayəndələrin Müavinləri Komitəsi formatında (DNMK) enerji təhlükəsizliyi dialoqu keçirilib.

XS
SM
MD
LG