Accessibility links

Kişinyov: Moldovanın Avropaya inteqrasiyasına dəstək aksiyasında 75 mindən çox insan iştirak edib


Bazar günü on minlərlə moldovalı Kişinyovda toplaşaraq ölkə hökumətinin Avropaya inteqrasiya istəklərini dəstəkləyib.

Polisin məlumatına görə, aksiyada 75 mindən çox insan iştirak edib.

Nümayiş Moldova rəsmilərinin Rusiyanın ölkədəki sabitliyi pozmaq cəhdləri kimi xarakterizə etdikləri fonda baş tutub. Kişinyovun Rusiyanın dəfələrlə pislədiyi Ukraynaya təcavüzünün nəticələrindən Moldova çox əziyyət çəkib. Ölkə Aİ-yə üzvlük üçün müraciət edib və namizəd statusu alıb.

Moldova prezidenti Maia Sandu Rusiyanı təbliğata əl atmaqla və hökumət əleyhinə əhval-ruhiyyəni qızışdırmaqla ölkənin Avropaya inteqrasiyasını pozmağa çalışmaqda ittiham edib.

Sandu Moldova paytaxtının mərkəzi meydanında keçirilən mitinqdə deyib: "Moldova Kreml tərəfindən şantaj olunmaq istəmir".

"Biz artıq Avropanın kənarında olmaq istəmirik" deyən Sandu Moldovanın 2030-cu ilə qədər Aİ-nin üzvü olacağına söz verib.

Kişinyovda səfərdə olan Avropa Parlamentinin sədri Roberta Metsola da mitinqdə çıxış edərək bildirib ki, Avropa Moldovanı "açıq qollar və açıq ürəklə" qəbul edəcək.

Etirazçılar Moldovanın siyasi liderlərini ölkənin konstitusiyasına Avropa istəklərini əks etdirmək üçün düzəlişlər etməyə çağırıb.

Rusiyayönlü müxalifət partiyasının fərari lideri, iş adamı İlan Şor bir neçə şəhərdə keçirilən etiraz aksiyalarında tərəfdarlarına videobağlantı vasitəsilə Moldovanın xarici siyasəti ilə bağlı referendum keçirməyə çalışacağını bildirib.

Moldovada Rusiyanın təsir agenti kimi ABŞ tərəfindən sanksiyaya məruz qalan Şor 2014-cü ildə Moldova banklarından milyard dolların oğurlanmasında iştirak etdiyinə görə keçən ay qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG