Accessibility links

Freedom House: "Ermənistan və Gürcüstan hibrid, Azərbaycan avtoritar rejimlər siyahısındadır"


Mayın 24-də "Freedom House" insan hüquqları təşkilatı "Keçid Ölkələri – 2023" adlı hesabat yayıb.

Hesabatda deyilir ki, Ermənistan və Gürcüstan hibrid, Azərbaycan avtoritar rejimlər siyahısındadır.

Hesabata görə, 19 ildir ki, Mərkəzi Avropadan Orta Asiyayadək uzanan regionda demokratik idarəetmə tənəzzülə uğrayıb.

Rusiyanın Ukraynanı genişmiqyaslı işğalı dönəmində vəziyyət pisə doğru getməkdə davam etdiyi bildirilir.

Hesabatda deyilir ki, 29 ölkədən 11-də demokratiya balı azalıb, 7 ölkədə irəliləyiş qeydə alınıb. Həmçinin qeyd edilir ki, vətəndaş cəmiyyəti fəalları və demokratik liderlər regionda daha yaxşı idarəçilik üçün səylərini davam etdirirlər. Rusiya bu hesabatın yayımlanma tarixindən bu yana ötən il ən böyük geriləmə ilə üzləşib. Qiymətləndirmə üzrə yeddi indikatordan beşində enişlər baş verib, balı 1,32-dən 1,11-ə enib.

Macarıstan da ilin ən kəskin enişi ilə üzləşib.

Hesabatın Ukraynada ilə bağlı hissəsində isə bildirilir ki, burada demokratik institutlar təzyiqə məruz qalıb, Ukrayna hökuməti və xalqı üzləşdiyi zorakılıqlara baxmayaraq, demokratiyaya sadiqliyini yenə təsdiqləyib.

Hesabata görə, Ukraynanın işğalı müharibə bitdikdən sonra belə Avropada sülh, azadlıq və demokratiya üçün ən ciddi problem olacaq.

Hesabat müəllifləri qeyd edir ki, dünyada ard-arda yaşanan problemlər bəzi hökumətlərin xarici siyasətində bölücü dəyişikliklərə səbəb olub:

"2022-ci ildə bəzi ölkələr demokratik gələcək üçün aydın seçimlər edib, lakin ümumi nəticə 19-cu il ard-arda araşdırılan sahədə demokratik göstəricilərin azaldığını göstərir".

Hesabatda qeyd edilir ki, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın vətəndaş cəmiyyəti əhəmiyyətli dərəcədə daralıb. Bu ölkələrin hakimiyyəti bəzi hallarda etirazçılara qarşı ölümcül zorakılıq, məhbuslara qarşı işgəncələr tətbiq edib.

"Freedom House" bildirir ki, Türkmənistan və Azərbaycan vətəndaşları hakim elitanın qohumbazlığına dözməkdə davam edib:

"Gürcüstanda, Serbiyada və Macarıstanda hakim partiyalar öz seçicilərini manipulyasiya edib".

Azərbaycan hesabatda sondan 3-cü yerdə qərarlaşıb.

Ölkə bu mövqeyi ilə yalnız Türkmənistan və Tacikistandan qabağa keçə bilib.

Bu üç ölkənin də daxil olduğu, ümumilikdə səkkiz ölkə "möhkəmlənmiş avtoritar rejimlər" siyahısındadır.

Təşkilat əvvəlki illərdə də Azərbaycanı "möhkəmlənmiş avtokratik rejim" siyahısına daxil etmişdi:

"Demək olar ki, Türkmənistan və Azərbaycanın dövlət qurumları demokratik keyfiyyətlərdən məhrum qalıb. Hər iki ölkədə vətəndaşların hakim elitanın qohumbazlığından əziyyət çəkir".

Ermənistan və Gürcüstan, həmçinin Ukrayna, Moldova birlikdə "hibrid rejimlər" siyahısındadır.

Ən yaxşı mövqedə olan ölkələr isə Estoniya, Latviya və Litvadır.

Hesabatın Azərbaycanla bağlı hissəsində Qarabağ münaqişəsinə də toxunulub.

Bildirilib ki, Azərbaycan Prezidenti "ərazi ambisiyalarını hərbi yolla davam etdirir, bununla yanaşı ölkə daxilində müxalifəti sıxışdırır, Qarabağda yaşayan əhalinin azadlıqlarını təhdid edir".

Hesabatda qeyd edilir ki, avtokratiyalar repressiya və qeyri-sabitliyin təkrarlanan çevrəsindən çıxa bilmir.

Hesabatda avtoritar rejim kimi təsnif edilən səkkiz ölkənin altısının zəif demokratiya xallarının daha da endiyi bildirilir:

"Rusiyanın Ukraynaya təcavüzü, Azərbaycanın Ermənistana hücumu və Orta Asiyada etirazların zorakılıqla yatırılması pis avtoritar idarəçiliyin ölümcül nəticələrini ortaya qoyub" - deyə, hesabatda bildirilir.

"Ermənistanda demokratiyanı gücləndirmək üçün mümkün hər addım atılmalı, Azərbaycan hakimiyyəti və ya işğalı altında yaşayan, yaxud bundan qaçan bütün insanların müdafiəsini təmin etməlidirlər" - deyə, hesabatda vurğulanır.

Təşkilatın hesabatında bildirilir ki, Ermənistan bu günədək Aİ-yə namizədlik üçün müraciət etməyib. Lakin bu ölkə 2022-ci ildə demokratik nailiyyətləri artıraraq, "Keçid Ölkələri" hesabatında birdən çox göstəricidə irəliləyiş əldə edən yeganə ölkədir.

"Freedom House" bildirir ki, Ermənistanın QHT və müstəqil media sektorlarında irəliləyiş qeydə alınıb.

Azərbaycan rəsmiləri "Freedom House"un yaydığı bu hesabatla bağlı hələlik mövqe bildirməyib.

Lakin hökumət nümayəndələri, eləcə də Prezident İlham Əliyev Qərb təşkilatlarının yaydığı hesabatlarda Azərbaycanla bağlı yazılanlarla razı deyil, ölkədə söz azadlığı, demokratik mühit olduğunu bildirirlər. Rəsmilər ölkədə heç kimin fikirlərinə görə həbs edilmədiyini və təzyiqə məruz qalmadığını deyirlər.

XS
SM
MD
LG