Accessibility links

İran Ali Məhkəməsi Əkbər Nəiminin işinə yenidən baxılması tələbini rədd edib


Əkbər Nəimi
Əkbər Nəimi

İran Ali Məhkəməsi hüquq müdafiəçisi və türk dil haqları fəalı Əkbər Nəiminin işinə yenidən baxılması barədə müraciətini təmin etməyib.

Amerikanın Səsi İran Ali Məhkəməsinin 9-cü şöbəsinin sədri, hakim Qasım Məzinani tərəfindən imzalanan tanınmış fəalın ərizəsinin təmin edilmədiyinə dair qərarın surətini əldə edib.

Əkbər Nəimi 2021-ci ilin iyul ayında daha əvvəl məhkum olunduğu 5 illik həbs cəzasına çəkmək üçün Tehranın Evin həbsxanasına göndərilmişdi. O, təqribən 19 ay həbsdən sonra İranın ali rəhbərinin ümuməfv sərəncamına şamil olub və keçən fevral ayında sərbəst buraxılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, "Nəimi sərbəst buraxılsa da, [2020-ci ildə] nəzarət altına alınıb və daha sonra həbs cəzasını çəkməsi səbəbilə 3 ildir ki, işindən uzaqlaşdırılaraq sığorta və digər hüquqlarından da məhrum edilib."

Nəimi 2020-ci ilin yanvar ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən Tehrandakı iş yerində saxlanılıb və təqribən 2 ay nəzarətdən sonra müvəqqəti azadlığa buraxılmışdı.

Daha sonra Tehranın İnqilab Məhkməsəində mühakimə olunan siyasi fəal "qanunsuz qruplaşmaya üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və 'nizama müxalif qüvvələrin xeyrinə təbliğat fəaliyyəti" göstərmək ittihamları ilə əlaqədar müvafiq olaraq 5 il, 4 il və 8 ay həbsə məhkum edilmişdi. Məhkəmə ona qarşı əlavə olaraq ölkədən çıxış qadağası və ictimai-siyasi fəaliyyətlərdən məhrumiyyət cəzası çıxarmışdı. İranın İslami Cəza Qanununun 134-cü maddəsinə uyğun olaraq, Nəimi barəsində çıxarılan ən ağır həbs cəzası, yəni 5 il həbs hökmü icra ediləcək idi.

Həbs edilmədən əvvəl Tehranda bir hava yolları şirkətində çalışan Əkbər Nəimi həbs və mühakimə edilməsinin ardınca işindən uzaqlaşdırılıb.

XS
SM
MD
LG