Accessibility links

Yaponiya Şimali Koreyanın orbitə peyk buraxmaq planını pisləyib


Yaponiya deyir ki, Şimali Koreyanın gələn iki həftə ərzində orbitə peyk buraxılışı planı BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın əvvəlki raket sınaqları ilə bağlı qətnamələrinin pozulması deməkdir.

Pxenyan bazar ertəsi Yaponiya sahil mühafizəsini peyki mayın 31-dən iyunun 11-dək buraxmağı planlaşdırdığı barədə xəbərdar edib.

Bildiriş Şimali Koreyanın dövlət mediasının lider Kim Çen Inın buraxılış üçün son hazırlıqları təsdiqlədiyini bildirməsindən bir neçə həftə sonraya təsadüf edir.

Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qadağan edilmiş uzunmənzilli ballistik raketdən istifadə edərək orbitə peyk göndərəcək.

Yaponiya rəsmiləri bildirib ki, peykin 2016-cı ildə Şimali Koreya Yeri müşahidə peykini orbitə yerləşdirdiyi zaman olduğu kimi ölkənin cənub-qərb adaları üzərində uçması gözlənilir.

Müdafiə Nazirliyi quruda və dənizdə yerləşən ballistik raketlərin qarşısının alınması bölmələrinə ərazisinə təhlükə yaradan istənilən obyekti vurmağı əmr edib.

Baş nazir Fumio Kişidanın ofisi bildirib ki, o, hökumətinə buraxılışdan sonra istənilən məlumatı toplamaq və təhlil etmək əmri verib.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi bazar ertəsi verdiyi açıqlamada Şimali Koreyanı raketin buraxılışına qarşı xəbərdarlıq edərək bildirib ki, təcrid edilmiş rejim bunu etdiyi təqdirdə “lazımi dəyəri” ödəyəcək.

XS
SM
MD
LG