Accessibility links

ABŞ və Azərbaycan enerji layihələri ilə bağlı müzakirələr aparıb


İlham Əliyev və Cefri Pyatt (Mənbə: Prezident Administrasiyası)
İlham Əliyev və Cefri Pyatt (Mənbə: Prezident Administrasiyası)

ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Azərbaycanda səfərdədir. O mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimində iştirak edib. Cefri Pyatt Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahmazov və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Cefri Pyatt Bakıda Enerji Həftəsinin əhəmiyyətini qeyd edib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın liderlik rolunu yüksək qiymətləndirib.

Prezident İlham Əliyev ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirib. Dövlət başçısı ölkəsinin uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirdiyini və genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd edib.

Görüşdə Azərbaycanın enerji təchizatında sabitləşdirici rol oynadığı xüsusi vurğulanıb, ölkənin Orta Dəhliz çərçivəsində enerji və qeyri-enerji məhsulları üçün dayanıqlı tranzit və nəqliyyat imkanlarının yaradılması məsələsinə toxunulub.

Pərviz Şahbazov və Cefri Pyatt (Mənbə: Energetika Nazirliyi)
Pərviz Şahbazov və Cefri Pyatt (Mənbə: Energetika Nazirliyi)

Pərviz Şahbazov Twitter hesabında yazıb ki, Cefri Pyattla görüşdə Azərbaycanın ABŞ-la Cənub Qaz Dəhlizi, hidrogen də daxil olmaqla "yaşıl enerji" layihələrinin inkişafı, metan emissiyalarının azaldılmasına dair fikir mübadiləsi aparılıb.

Energetika Nazirliyinin məlumatında isə deyilir ki, görüşdə Birləşmiş Ştatların Azərbaycanın enerji layihələrinə davamlı dəstəyi yüksək qiymətləndirilib.

"Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində həlli zəruri proseslər və əlavə tədarükün mənbələri ilə bağlı fikir mübadiləsi aparılıb. Təbii qazın enerji keçidində mühüm yanacaq olduğu və bərpa olunan enerji mənbələrinin inkişafını dəstəklədiyi qeyd edilib. Eyni zamanda Xəzərdən “yaşıl enerji” istehsalını və bu enerjinin Avropaya Gürcüstandan keçməklə Qara dəniz və Naxçıvan üzərindən Türkiyə vasitəsilə ixracı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Söhbət zamanı Azərbaycanda hidrogenin istehsalı və ixracı ilə bağlı imkanlar, bu aspektdə EBRD-nin dəstəyi ilə aparılan bazar araşdırmasının nəticələri, həmçinin metan emissiyalarının azaldılması ilə bağlı birgə əməkdaşlıq məsələlələri nəzərdən keçirilib", nazirliyin məlumatında deyilir.

XS
SM
MD
LG