Accessibility links

Daşkəsəndə yerli hakimiyyət orqanlarının fəaliyyətini tənqid edən şəxs həbs edilib


Xoşbulaq kəndi (Mənbə: Daşkəsən rayon İcra Hakimiyyəti)
Xoşbulaq kəndi (Mənbə: Daşkəsən rayon İcra Hakimiyyəti)

Daşkəsən rayonunun Xoşbulaq kəndində (Bakıdan 460 kilometr qərb) yerli hakimiyyət orqanlarının və polisin fəaliyyətini tənqid edən Anar Süleymanov inzibati qaydada 30 sutka həbsə məhkum edilib.

Bu, Daşkəsən rayon Xoşbulaq kəndinin bir qrup sakininin torpaq sahələrinin pul müqabilində vəzifəli şəxslərin istifadəsinə verilməsi, polisin fəaliyyəti ilə bağlı tənqidi fikirləri sosial şəbəkələrdə yayıldıqdan sonra baş verib.

Belə ki, iyunun 5-də Xoşbulaq kəndinin bir qrup sakini bildirib ki, kənd sakinləri yerli polis tərəfindən saxlanılıb, avtomobillərə mindirilərək rayon polis şöbəsinə aparılıb. Sakinlərin dediyinə görə, onlar saxlanıldıqdan sonra mənəvi və fiziki təzyiqə məruz qalıblar.

Kənd sakinləri torpaqların kənd sakinlərinin deyil, vəzifəli şəxslərin istifadəyə verilməsində yerli hakimiyyət orqanlarını günahlandırıb.

Saxlanılanlardan biri - İkinci Qarabağ müharibəsinin veteranı Ruzi Bağırov bildirib ki, Xoşbulaq kəndi ətrafındakı ərazi dövlət məmurlarına satılıb.

Bununla əlaqədar sakinlər Bakıda məmurlarla görüşüblər, amma kəndlilərə qarşı zorakılıq davam edir. Bütün torpaq sahələri alınıb, kəndlilər və onların mal-qarası məmurların tutduğu torpaqlarda göründükdə sakinlər həbs olunur.

"Polis bölməsində məni və digərlərini döyüblər, əlimdə polis bölməsində qırılan sümüklərimi əks etdirən rentgen görüntüsü var, ayda 250-300 manata xadimə, mühafizəçi işləyən doğmalarımızı işdən qovmaqla təhdid edirlər. Saxlanılanlar sərbəst buraxıldıqdan sonra guya polisə müqavimət göstərdiklərinə görə 50 manat cərimə olunub. Biz öz torpaqlarımızdan qazanc əldə etməyimizə imkan verməyi tələb edirik, başqa qazanc yerimiz yoxdur", o bildirib.

Amerikanın Səsi kənd sakinlərinin tənqidi fikirləri ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətindən sorğusuna cavab ala bilməyib. Rayon icra hakimiyyətinin telefonuna cavab verən şəxs polis nəfəri olduğunu bildirib və deyilənlərlə bağlı məlumatsız olduğunu deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölgə üzrə baş inspektoru Eşqin Qasımov Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, “Tik-tok” platformasında Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına əsassız və qərəzli formada iddialar səsləndirən, eləcə də onlar barəsində nalayiq ifadələr işlədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanov müvafiq araşdırmalar aparılması məqsədilə polis şöbəsinə dəvət edilib.

“O, yenidən səs-küy qaldıraraq nizamsız hərəkətlərini davam etdirib, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərib. Bu hərəkətlərinə görə onu rayon polis şöbəsinə gətiriblər. Qanuna müvafiq olaraq Anar Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Qeyd edək ki, Gəncə şəhər sakini olan Süleymanov Daşkəsən rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus örüş sahələrini zəbt edərək qanunsuz olaraq digər şəxslərə icarəyə verib. Onun bu cəhdinin qarşısını polis əməkdaşları aldığına görə Süleymanov polis haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirib”, cavabda qeyd edilir.

Xatırladaq ki¸ 2021-ci ilin fevralında Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.

“Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Rasim Allahverdiyevin Şahbaz Mehtiyev və Vüqar Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satılması müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib”, Baş Prokurorluğun məlumatında deyilir.

Həmin şəxslər Cinayət Məcəlləsinin külli miqdarda rüşvət almaq, vəzifə saxtakarlığı və digər maddələri ilə ittiham edililib.

XS
SM
MD
LG