Accessibility links

Vəkil: Bəxtiyar Hacıyevin psixoloji yardıma ehtiyacı var


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

"Bəxtiyar Hacıyevin psixoloji yardıma ehtiyacı var. Hacıyev ombudsmandan ona psixoloji yardım edilməsi üçün mütəxəssis dəvət etməsini xahiş etdi. Bu gün mən Bəxtiyar Hacıyevin müraciətini ombudsman Səbinə Əliyevaya çatrdıracam".

Bu barədə vəkil Fəxrəddin Mehdiyev iyunun 7-də 1 saylı Baklı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşündən sonra Amerikanın Səsinə deyib.

Vəkilin sözlərinə görə, son hadisələr Hacıyevdə ciddi psixoloji travmalar yaradıb.

"Bu səbəbdən onunla dünən, iyunun 6-da özünün yaşadığı evdə, atasının, qardaşının, dostunun evlərində və avtomobillərində istintaq orqanının apardığı axtarış-götürmə hərəkətləri ilə bağlı müzakirə aparmadım", o qeyd edib.

İyunun 6-da hazırda həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, Gəncə şəhərində atası İlyas Hacıyevin, Göygöl şəhərində qardaşı Vüqar Hacıyevin və Bakıda dostu Rail Abbasovun evlərində və avtomobillərində axtarış aparılıb. Axtarış tədbirləri ötən həftə Bəxtiyar Hacıyevlə bağlı aparılan istintaq hərəkətlərindən sonraya təsadüf edir.

İyunun 6-da Bəxtiyar Hacıyevin dostu Rail Abbasov Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində 8 saat dindirildikdən sonra sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

XS
SM
MD
LG