Accessibility links

Milli Məclis qanunvericiliyə taksi xidməti ilə bağlı dəyişiklik edib


İyunun 16-da Milli Məclis “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

Sənəddəki dəyişikliklər əsasən taksi xidmətini əhatə edir. Belə ki, Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə hərəkətin sürətinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq mümkün olacaq.

Qanunda yeni dəyişklikdə deyilir ki, taksilərdə hərəkətə fasiləsiz olaraq nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılmalıdır. Bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitələrinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz olaraq qeydə alınsın.

Bununla yanaşı, sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin etmək üçün rəqəmsal taxoqraf kartının quraşdırılması təklif edilir.

Sənədi müzakirəyə təqdim edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, taksi sürücüləri gündə orta hesabla 14-16 saat işləyir.

“Qəzaların sayı çox, sürücülərin anlaqsız olması halları artmaqda, sərnişinlərin isə şikayəti çoxalmaqdadır”, o qeyd edib.

Komitə sədrinin sözlərinə görə Bakıda istifadə olunan taksi gedişlərinin 60 faizi 1,5-3 kilometr məsafə üçün istifadə olunur.

“İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır, son 1 ildə avtobuslardan istifadə 40 faiz azalıb, metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb. Taksi sayının əhaliyə nisbətdə yüksək olması da diqqət çəkir. Bu məsələ eyni zamanda şəhər nəqliyyat sisteminin, tıxacların idarəedilməsi üçün ciddi çağırışlar yaradır. 15 milyon əhalisi olan İstanbulda taksi sayı üçün kvota var, bu il 17 325 ədəd müəyyən edilib, 2,4 milyon əhalisi olan Bakıda 28 min taksi var. Yəni, İstanbulda 865 nəfərə, Bakıda isə 85 nəfərə 1 taksi düşür", o qeyd edib.

Mirkişilinin fikrincə Azərbaycanda taksi sifarişi operatorlarının fəaliyyəti ümumiyyətlə tənzimlənmir.

"Sərnişinlərin fərdi məlumatları, ödəniş kartları haqqında məlumatlar, hərəkət trayektorları haqqında bütün məlumatlar əksər hallarda ölkə xaricinə ötürülür. Taksi sifarişi operatorları əsasən virtual olduğundan onların hansı ölkədə yerləşdiyini, sahiblərinin kim olduğunu bilmək milli təhlükəsizlik baxımindan vacibdir. Bakıda təqribən 28 min taksi var, onların 90 faizi bu platformalar üzərindən fəaliyyət göstərir", deputat deyib.

Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, bu gün Azərbaycanda taksi sürücüləri işsiz qalmış müəllimlər, həkimlər və yaxud başqa peşə sahibləridir.

"Ona görə də biz digər sahələrdə problemlərimizi həll etməliyik ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin. Tıxaclarla bağlı məsələdə də məncə taksini bəhanə etmək düzgün deyil. Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin? Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik", Mustafa qeyd edib.

Deputat Məlahət İbrahimqızı bildirib ki, ictimai nəqliyyatdan istifadənin kəskin azalmasının günahını taksi xidməti ilə əlaqələndirmək düzgün deyil.

“Həm ictimai, həm də fərdi daşımada ciddi problemlər var”.

Onun sözlərinə görə, ictimai nəqliyyat sahəsində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var.

“Bu xidmətdə beynəlxalq standartlar tətbiq olunmalıdır. Adıçəkilən qanuna təklif edilən dəyişikliklər hesab edirəm ki, inhisarçılığa deyil, sağlam rəqabətə və məqbul qiymətə xidmət edəcək”, deputat deyib.

İyunun 13-də Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nəqliyyat sektoru ilə bağlı qanunvericilikdəki dəyişikliklər barədə Milli Məclisdə çıxışında taksi xidmətlərinin qiymətlərinin artırılacağını bildirib.

Azərbaycanda hazırda ondan çox taksi şirkəti, o cümlədən xarici şirkətlər Bolt, Uber, Yango, Maxi fəaliyyət göstərir. Azad rəqabət şəraiti mövcud olduğundan son illərdə taksi xidməti qiymətləri 2-3 dəfə aşağı düşüb. Rəsmi məlumatlara görə hazırda Azərbaycanda 67 mindən çox avtomobil taksi ximdəti göstərir.

Nazirin çıxışı ictimai mühitdə, sosial şəbəkələrdə müzakirələrə yol açıb. Müzakirələrdə taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması dəstəklənsə də qiymət artımı əks reaksiya ilə qarşılanıb. Bir sıra eksperlər qanunverilciliyə yeni dəyişikliyi ölkədə yüksək vəzifəli şəxslərə bağlı olan yeni taksi xidmətinin yaradılması ilə əlaqələndirir.

İqtisad elmlər doktoru Qubad İbadoğlu hesab edir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi qiymətlərinin ucuz olmasından narahat olmamalıdır.

“Çünki “Baki Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Tənzimləyici funksiya daşımaqla yanaşı kommersiya fəaliyyəti göstərən sahə nazirinin belə açıqlaması maraqların toqquşmasıdır. Odur ki, ilk növbədə bu konflikt aradan qaldırılmalı, sonra nazirin bu barədə söz hüququ tanınmalıdır. Görsənən odur ki, Azərbaycanda dövlət rəqabəti deyil, inhisarı dəstəkləyir və hökümət bütünlüklə Paşa Holdinqin bazar payının artımına və iqtisadi hökmranlığının gücləndirilməsinə xidmət edir”, o qeyd edib.

Respublikaçı Alternativ-REAL Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, nəqliyyat nazirinin açıqlamaları iqtisadiyyat dərsliklərinə düşəsi "nümunəvi ayıbdan" başqa heç nə deyil.

“Dövlətin işi bəyəm taksinin bazar qiymətinin üstünə oliqarx üçün nəzərdə tutulan "pay" əlavə edib xidməti bahalaşdrmaqdır? Xeyr! Dövlətin vəzifəsi iqtisadiyyatda əmək məhsuldarlığını yüksəldib taksi sürücülərinin qazancını artırmaqdır. İndiki hökumət bunu bacarmağı heç istəməz də, çünki bütün iqtisadiyyatımız asan gələn neft-qaz pullarının daxildə fırlanmasına köklənib. Oturub fikirləşirlər ki, ondan neçə pay qoparaq. Klassik renta!” o teleqram kanalında qeyd edib.

Xatırladaq ki, Milli Məclis "Dövlət rüsumu haqqında" qanunda da Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumlarını dəyişib.

Belə ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsumun 3 min manat olması təklif edilir.

Bundan başqa, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat olacaq.

İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliyə görə Azərbaycanda icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 20 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək.

XS
SM
MD
LG